Rəsmi Kremlin məlumatına görə, rus fermerləri rekord miqdarda taxıl məhsulu yığırlar. Lakin “görünməmiş məhsul”göstəricilərinin arxasında Ukraynanın işğal olunmuş ərazilərindən gələn kənd təsərrüfatı məhsulları gizlənə bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə The Guardian bildirib.
Ukrayna rəsmiləri və ekspertləri Rusiya Federasiyasında əlverişli şəraitin yüksək məhsuldarlıq üçün yetərli səbəb olmadığını iddia edirlər. Onların sözlərinə görə, Ukrayna taxılı Rusiya taxılı adı altında xaricə çıxarılır.
“İşğalçı hakimiyyət Ukrayna taxılını talayır. Onlar bunu hərbi əməliyyatlar və ya əhalinin ehtiyaclarını ödəmək üçün deyil, tamah məqsədlə, qeyri-qanuni mənfəət əldə etmək üçün edirlər”, – deyə nəşr prokurorluğun bəyanatına istinadən yazır.
Prokurorların və şahidin sözlərinə görə, təsərrüfatlar qəddar şəkildə talana məruz qalır, yığılan taxıl guya Rusiya şirkətlərinə, əslində isə Rusiya prezidenti Vladimir Putinin ətrafına yaxın şəxslərin şirkətlərinə verilir.
Ukrayna Prezidentinin müşaviri və İdarələrarası Operativ Qrupun sədr müavini Vladislav Vlasyuk qeyd edir ki, rusların Ukraynanın işğal olunmuş ərazisində sadə “biznes modeli” var. Onlar bacardıqları qədər taxıl toplayır və əsasən, qurudan Rusiyaya göndərirlər. Daha sonra ruslar məhsulların Rusiya mənşəli olduğunu göstərən saxta sənədlər tərtib edib taxılı ixrac edirlər. Əsas bazarlar Yaxın Şərq və Afrikadır.
Media Ukraynada sgözlənilən 29 milyon ton taxılın beşdə birindən çoxunun əskik olduğunu yazır. Təxminən 5 milyon tonu Rusiya Federasiyasının oğurladığı, qalanının isə müharibə nəticəsində itirildiyi bildirilir.
İşğal olunmuş ərazilərdən gələn məlumatlara görə, ruslar Ukrayna təsərrüfatlarını ələ keçirmək üçün güc tətbiq ediblər.