• 24 Noyabr 2024 05:42

 “Rəngarəng” verilişində az qaldılar ki, efirə gələn müğənnini soyundursunlar”-FOTO+ÖZƏL

“ “Rəngarəng” verilişində az qaldılar ki, efirə gələn müğənnini soyundursunlar”-FOTO+ÖZƏL

“Bu günki televiziyaya mənim ehtiyacım yoxdur. Nə aparıcıları, nə də ki, verilişləri bəyənmirəm. Bir sözlə mənlik deyil. Həvəsdir, bəsdir. Hər şeydən hörmətli ayrılmaq daha yaxşıdır. Televiziyaya müğənnilər ona görə çıxır ki, toylara çağırılsınlar. Uzun illərdir toylara getmirəm. Bəzi müğənnilər var ki, səviyyəsi olmayan toylara gedirlər. Mən onu özümə yaraşdırmıram. Hər kəs özü bilər. Mən heç kimi qınamıram. Sadəcə mənlik deyil”

Bunu Moderator.az-a özəl açıqlamasında bir zamanların ən məşhur müğənnisi Yaqut Babayeva deyib. O daha sonra efirlərdə yaşanan hadisələrdən danışıb.

“Efirlərdə çalışırlar milçəkdən fil düzətsinlər. Mən də əsəbləşirəm. Artıq yaşlanmışam, təzyiqim var, söz-söhbətləri götürmürəm. “Fəlidən doğru xəbər” verilişi çox xoşuma gəlir. Orada hər şey var, zarafat da, əyləncə də, müğənniyə sataşmaq da. Amma başqa verilişlərdəki kimi bu aşırı dərəcədə deyil. “Rəngarəng” verilişini heç bəyənmirəm! Aparıcılar çalışırlar ki, müğənnini alçaltsınlar. O cür verilişə mən gedərəm?! Heç vaxt getmərəm! Həmin verilişdə aparıcı qız efirə gələn müğənnini az qala soyundururdu ki, bəs sənin bədənində döymə var. Sənə nə var?! Müğənni abırlı da geyinmişdi. Bu çox mundar hərəkətdir. Bəlkə camaatı efirdə soyundurarsınız?!” deyə sənətkar bildirib.

İllərin sənətkarı efirdə müğənnilərə bağışlanan bahalı hədiyyələrdən də danışıb.

“Başqa nə etsinlər ki?! Nələri var ki, etsinlər?! Əvvəla onların hamısı yalandır. Özləri alıb efirdə özlərinə hədiyyə edirlər ki, guya onlara kimsə verib. Səni tanımayan adam nə bilir ki, bu gün hansı televiziyadasan ki, sənə də maşın göndərsin?! Yalandan düz-qoş edirlər. Ağ yalandır. Bu yalanı aparıcılar da bilir. Mənə belə bir şey indiyə qədər təklif etməyiblər. Çünki xarakterimi bilirlər. Bundan başqa efirdə çıxıb saatlarının, ayaqqabılarının qiymətlərini deyirlər. Bunlar nə deməkdir axı?! Zeynəb Xanlarova kimi hər şeyi olmayan bir müğənni yoxdur, görün o heç bir dəfə deyib ki, mənim nəyim var, nəyim yoxdur?! Görün o bir dəfə qızıllarını, maşınlarını nümayiş etdirib?!” deyə müğənni bildirib.

Müğənni şirniyyat biznesi ilə məşğul olması haqda yayılan söz-söhbətlərə də aydınlıq gətirib.

“Onu Elgiz Əkbər efirdə demişdi. Mən onun verilişinə gedəndə şirniyyat hazırlayıb aparmışdım. Çox da bəyənmişdilər. Pandemiya vaxtı idi. Hansısa müğənni şirniyyat hazırlayıb onunla dolanırdı. İstədi məni onunla reklam etsin. Kulisdə də mənə dedi ki, “sənin kimi tort bişirən var? Hazırla sat da”. Hazırlayıb satmalı olsaydım özümü reklam edərdim də. Əlimin duzu var, qurmanam. Amma şirniyyat sexim yoxdur. Kiçik bir biznesim var, onunla dolanıram. Vəssalam! Orada da heç nə istehsal etmirəm. Daha dəqiq desək ofisim var, onu icarəyə vermişəm”  deyə müğənni bildirib.

Yaqut Babayeva sənətdə yarım qalan arzularından da danışıb.

“Hamı kimi mən də istərdim ki, əməyimə qiymət verilsin. 2006-cı ildən adım “əməkdar artist” fəxri adı siyahısındadır, amma vermirlər. Mənim 65 yaşım var, nə vaxt verəcəksiniz?! Mən Aztv kimi dövlət kanalından çıxmışam, indikilər kimi özəl televiziyalardan tanınmamışam. Müğənnilər bu gün tədbirlərə gedəndə 5 ulduzlu otellərdə qalır, biz qastrol səfərlərinə gedəndə otaq soyuq olduğu üçün şuba ilə yatırdıq. Üzr istəyirəm, ayaqyolunun pis qoxusu səhərə kimi yatdığımız otağa gəlirdi. Bu sənətdə əmək qoymuşam, niyə əməkdar artist fəxri adı almayım ki?! Fəxri ad almaq mənim üçün xoşbəxtlik deyil. Elə adamlar var ki, nahaqdan fəxri ad alır, amma mənim buna haqqım var. Səngərlərdə, cəbhə bölgələrində başımızın üstündən güllələr göydə uçurdu. Sənətimə, əməyimə qiymət verilmədi. Bundan küsülü, incikli qalmışam. Şükür Allaha başqa həyatımdan çox razıyam” deyə Yaqut Babayeva deyib.

Yaqut Babayeva Şövkət Ələkbərova ilə bağlı xatirəsini də bizimlə bölüşüb.

“Sənətə yeni-yeni qədəm qoymuşdum. Aztv də bizim ifalarımıza qulaq asırdılar. Münsiflər də rəhmətlik Gülağa Məmmədovla Şövkət Ələkbərova idi. Zeynəb xanımın mahnısını oxudum, Şövkət xanım məni bəyənmədi. Sonra dedilər ki, bilmirsən onun Zeynəb xanımdan xoşu gəlmir?! Baxmayaraq ki, o zaman Şövkət xanım məni Zeynəb xanımın repertuarından oxuduğum üçün bəyənmədi, daha sonra onun mənə qarşı xoş münasibətinin şahidi oldum. Günlərin bir günü mən toy məclislərinin birində idim. Xəbərim yox idi ki, Şövkət xanım həmin toyda qonaqdır. Şövkət xanımın bir mahnısı var, bəlkə də onu məndən başqa heç kim bilmir. Bir misra o mahnıdan oxudum. Bir də gördüm Şövkət xanım gəlib dayanıb qabağımda. Əliylə mənə baxıb əla göstərdi. Allah rəhmət etsin, böyük sənətkar idi. Bu münasibət mənə böyük stimul oldu, toyu daha həvəslə aparmağa başladım” deyə sənətkar bildirib.

Oxşar xəbərlər