Türkiyədə kuryerin ölümünə səbəb olan Somali prezidentinin oğlu azadlığa buraxılıb – Ölkədən qaçdı
Somali prezidenti Həsən Şeyx Mahmudun oğlu Məhəmməd Həsən Şeyx Mahmud İstanbulun Aksaray rayonunda, Kennedi küçəsində tıxacda hərəkətdə olarkən motokuryerin ölümünə səbəb olmaqda ittiham olunur.
Türkiyə mətbuatı xəbər verir ki, noyabrın 30-da Mahmudun idarə etdiyi avtomobil motokuryer Yunus Əmrə Göçərin idarə etdiyi motosikletə arxadan çırpılıb, xəsarət alaraq xəstəxanaya çatdırılan Göçər dekabrın 6-da dünyasını dəyişib.
İstanbul Baş Prokurorluğu hadisədən dərhal sonra hazırlanan qəza protokoluna əsasən motosiklet sürücüsünün zolaq dəyişdirmə qaydasını pozduğunu, buna görə də, saxlanılan şəxsin “ehtiyatsızlıqdan xəsarət yetirməkdə” ittiham olunduğunu və nəticədə, onun azadlığa buraxıldığını bildirib.
Məhəmməd Həsən Şeyx Mahmud
Göçərin ölümündən sonra iş dekabrın 7-də yol ekspertizasına göndərilib və ekspert həmin gün Göçərin günahı olmadığına dair rəyini bildirib. Bundan sonra dekabrın 8-də Məhəmməd Həsən Şeyx Mahmud haqqında həbs qərarı verilib. Lakin daha sonra şübhəlinin 2 dekabrda ölkəni tərk etdiyi müəyyən olunub.
Baş Prokurorluq Mahmudun tutulması üçün beynəlxalq prosedurun aparıldığını açıqlayıb.
Ekspertiza hesabatında Mahmudun hadisədən sonra verdiyi ifadə də yer alıb. Bu ifadəyə uyğun olaraq, Mahmud, motosikletin qəfil əyləci basdığını və heç bir siqnal vermədən sağa döndüyünü, sürücünün dəbilqəsinin olmadığını, əyləci bassa da, motosikleti vurmaqdan yayına bildiyini bildirib.
Ekspert müəyyən edib ki, motosiklet ən sağ zolaqda sürəti azaldıb, daha sonra yol kənarına doğru hərəkət edib və Mahmudun idarə etdiyi nəqliyyat vasitəsi sürəti azaltmadan motosikletə çırpılıb.