• 22 Sentyabr 2024 17:24

İran mətbuatından sərsəm iddia: Əhmədinejat İmişlidən Farsabada çamadanlarla dollar daşıtdırıb?

İRNA xəbər agentliyinin direktor müavini, qısa müddət ərzində “Şahvənd” qəzetinin icraçı direktoru olmuş Abdolreza Davari öz sosial media hesablarında bir müddət əvvəl SEPAH-ın sabiq zabiti, hazırda milyarder sayılan Seyyid Məhəmməd Sadeq Məhsulinin Azərbaycan Respublikası ilə “şübhəli siyasi işgüzar əlaqələri” haqda yazı paylaşmışdı.

 

İddia edilirdi ki, o, Biləsuvar, Təbriz və Naxçıvanda böyük biznes layihələri həyata keçirib, Azərbaycana neft satışından ildə 15 milyon dollar pul qazanıb. İddialara görə, Mahmud Əhmədinejat hələ vali olarkən Məhsuli onun dəstəyi ilə İranla Azərbaycan arasında neft məhsullarının mübadiləsi layihəsində konsessiya alıb. O, İranda 1979-cu ildən sonra Neft Nazirliyindən kənar neft mübadiləsi imtiyazı almış ilk və yeganə şəxs idi. Hərçənd bu günlər növbəti ilin büdcəsi müzakirə olunarkən SEPAH-a xüsusi hallarda neft satışı icazəsinin verilməsi parlament səviyyəsində razılaşdırıldı. 1403 saylı büdcə qanunu layihəsinə əsasən, İran silahlı qüvvələrinə ilk dəfə olaraq müstəqil şəkildə neft ixrac etməyə icazə verilir.

Layihəyə əsasən, hökumət gələn il “müdafiə bazasının gücləndirilməsi” üçün Silahlı Qüvvələrin Baş Qərargahına 134 milyard tümən ödəməlidir. Lakin bu məbləğ hər ay xəzinədən ödənilməsə, Neft Nazirliyi silahlı qüvvələrin təqdim etdiyi “hüquqi şəxslərə”(şirkətlərə) xam neft və ya neft məhsulu verməlidir ki, ixrac edə bilsinlər. İran Milli Neft Şirkəti uzun müddətdir ki, “boz bazar”da nefti əsasən çinli alıcılara satır. İran silahlı qüvvələrinə, xüsusən də İnqilab Keşikçiləri Korpusuna qarşı daha geniş sanksiyaları nəzərə alsaq, onlara bağlı şirkətlərin “boz bazar”da neft satmaqdan və beləliklə, Milli Neft Şirkəti ilə rəqabət aparmaqdan başqa çarəsi qalmayacaq. Bu qanun layihəsində nəzərdə tutulan nisbətdə, silahlı qüvvələrin təxmini neft ixracı rəqəmi dörd milyard üç yüz milyon avroya və ya dörd milyard yeddi yüz milyon dollara bərabərdir.

 

Bu günlərdə İran mediası Məhsuli ilə bağlı mövzunu yenidən aktuallaşdırıb. Bu zaman İranın sabiq prezidenti, siyasi iddialarından hələ də imtina etməmiş Mahmud Əhmədinejatın da adı mümkün qədər çox hallandırılır. Onun neft mübadiləsindən külli miqdarda gəlir əldə etdiyi, İrana dollar dolu çamadanlar daşıtdırdığı iddia olunur.

İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Əfşar Süleymani Tehran KİV-inə açıqlamasında Azərbaycanla neft mübadiləsinin təfərrüatlarını açıqlayıb, bu sövdələşmədə Əhmədinejayın və Məhsulinin roluna aydınlıq gətirib. Səfir mümkün qədər korrekt davranaraq Azərbaycanın adını hallandırmaqdan çəkinib, Əhmədinejat və komandasının svop adı ilə saxta sənədlərlə İran neftini İran daxilində satdığını iddia edib:

“Mən Azərbaycan neftinin dəyişdirilməsi ilə yaxından məşğul olmuşam. O zaman Naxçıvanda vəziyyət ağır idi, mühasirədə idi və rabitə kəsilmişdi. Naxçıvanın Bakıda nümayəndəliyinin rəhbəri Həsən Zeynalovla münasibətim olduğu üçün neft mübadiləsi təklif etdim və Ərdəbil valiliyi bu xətti açdı. Sonda müqavilə bağlandı və İranın Parsabad (Biləsuvar) şəhərilə həmsərhəd olan İmişli rayonundan neft verilməsi qərara alındı. İşin görünüşü belə idi ki, Azərbaycan dizeli Naxçıvana gedir, İran dizelini Culfa vasitəsilə Naxçıvana göndərəcəklər və svopun qiymətini aşağı salacaqlar. Əhmədinejat neft mübadiləsi layihəsinə Məhsulini daxil etmişdi. Ümumiyyətlə, dizel svopu çoxlu gəlir gətirdi, bunun bir hissəsi əməkdaşlığın təşkilində istifadə olundu, lakin gəlirin böyük bir hissəsi başqa cür istifadə olundu. Əsas məsələ odur ki, dizel Azərbaycandan İrana gəlməyib, çünki o ölkədə dizelin qiyməti İrandan qat-qat yüksək olduğundan, dizel eyni ölkədə qalıb satılıb. İran maşınları sərhədi keçir, möhür vurulurdu, amma hər halda dizel gəlmirdi, nağd satılırdı. Əldə edilən dollarları açıq bazarda riala çeviriridilər və cənablar İslam inqilabı süfrəsindən ləzzət alırdılar… Əhmədinejat prezident olanda bu iş üzrə ona qarşı dava qaldırıldı, amma sonda işi bağladılar”.

Daha sonra o iddia edib ki, Məhsulinin zənginliyi onun Azərbaycan neft svop layihəsinə daxil olmasının nəticəsidir. Sabiq səfir, Məhsuli ilə Əhmədinejatın münasibətlərinin indi də davam etdiyini, amma görüntü üçün əlaqələri kəsdiklərini deyir.

 

Yada salaq ki, Əli Şəmxaninin İran Ali Təhlükəsizlik Şurasının katibliyindən istefası səbəblərindən biri də SEPAH kəşfiyyatının onun övladlarının qanunsuz neft satışlarında iştirakı haqda hesabatı olmuşdu. Görünür, SEPAH-ın indiki rəhbərliyi İbrahim Rəisi hökuməti ilə birgə büdcədənkənar bütün gəlirləri tam monopoliyaya almaq istəyir. Odur ki, bu sahədəki mümkün rəqiblər neytrallaşdırılır. Məhsuli ətrafında yaranmış ajiotajın yeni ştrixlərlə davam etdirilməsi səbəbi də budur.

Qanunsuz gəlirlərin Azərbaycan üzərindən əldə edilməsi haqda şərhlər də məqsədlidir. Bu, nə zamandır ki, İranda “Bakı lobbisi”nin, “pantürkistlərin” siyasi aparatın qərarlarına təsir etməsi haqda iddialara ciddilik fonu verməyə hesablanıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər