• 22 Noyabr 2024 13:52

Qiyabi verilən Nobel sülh mükafatı.

Dekabrın 10-da Nobel sülh mükafatı iranlı fəal Nərgiz Məhəmmədinin övladlarına təqdim olunub. Nərgiz özü İranda həbsdədir. Sülh mükafatının qiyabi verilməsi nümunəsinə əvvəllər də rast gəlinib.

İlk dəfə belə hadisə 1935-ci il sülh mükafatı ilə bağlı baş verib. O zaman mükafat Almaniya vətəndaşı, jurnalist, şair, naşir və pasifist Karl fon Osetskiyə verildi – Almaniyada militarizmə qarşı apardığı mübarizəyə görə. Müəyyən səbəblərdən qərar bir il sonra, 1936-cı ilin noyabrında qəbul olunub və laureatın olmadığı 1935-ci ilə aid edilib.

Osetski nasistlərin hakimiyyətə gəlməsindən az sonra həbs olunmuşdu. Onun azad edilməsi uğrunda beynəlxalq kampaniya 1936-cı il Berlin olimpiadası ərəfəsində nəticə verdi. Həbs düşərgəsində işgəncələr və pis şərait üzündən vərəmə tutulan Osetskini gestaponun nəzarəti altında mülki xəstəxanaya köçürdülər. Mükafata layiq görüləndə də orada idi.

Norveç Nobel komitəsinin (Nobel mükafatlarının dördünü İsveç, sülh mükafatını isə Norveç komitəsi verir) qərarı nasist hökumətinin kəskin etirazına səbəb oldu. Norveç hökumətindən qərarın ləğvi istənildi, amma Oslodan cavab verdilər ki, Nobel komitəsi müstəqil qurumdur.

Nasistlər almanlara hər hansı Nobel mükafatını almağı qadağan etdilər. Belələri yalnız İkinci dünya müharibəsindən sonra mükafatlarını aldılar.

Osetskiyə təzyiq olunaraq mükafatdan imtina etməsi istənildi, amma etmədi. Berlin Osetskinin azad edildiyini və istədiyi zaman Osloya gedə biləcəyini söylədi. Əslində isə ona pasport verilməmişdi.

Əvvəlki təqdimetmə mərasimlərində iştirak edən kral VII Hokon Almaniyanın mövqeyinə görə bu dəfə iştirak etmədi.

Karl fon Osetski 1938-ci ilə vərəmdən vəfat etdi.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər