• 20 Sentyabr 2024 10:50

“Aya 5 mln. gəlir üçün insanları ölkəyə quru sərhədlərlə buraxmırlar?”

“Hökumətin isararla və məntiqsiz şəkildə quru sərhədləri bağlı saxlamasını “izah” etməyə çalışan bəzi sözçüləri son illər deyirlər ki, quru sərhədlərin bağlı olması daxili turizmi inkişaf etdirir, otellər qazanır, biznes xeyir görür – həmişəki kimi yanlış düşünüb-danışırlar, rəsmi rəqəmlər bu iddianı sübut etmir”.

Bu haqda iqtisadçı ekspert Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.

Yazıda iqtisadçı ekspert qeyd edir ki, rəsmi məlumata görə 2023-cü ilin ilk üç rübü ərzində otel sənayesi 160.5 milyon manat gəlir əldə edib:

“Bu gəlirlərə qarşı otellərin xərcləri 114.3 milyon manat xidmət istehsalına və eləcə də məhsullara xərc çəkiblər. Bu da o deməkdir ki, otellər ilin ilk üç rübü ərzində 46.18 mln. manat mənfəət əldə ediblər.

Yəni, bu ilin 9 ayında quru sərhədləri bağlı saxlayıblar ki, otellər cəmi 46 mln. manat mənfəət əldə etsinlər?! Aya 5 mln. gəlir üçün insanları ölkəyə/ölkədən quru sərhədlərlə buraxmırlar?! Əgər elədirsə, bu qədər acgözlük olarmı ki, aya 5 mln.-a görə 10 mln. vətəndaşın hüququnu pozasan?!”

Ekspert həmçinin ənənəvi turizm rayonlarının, ölkənin sərhədlərində yerləşən, quru sərhədlərin açıq olduqu təqdirdə, potensial qazana biləcək rayonların qəlirini analiz edib:

“- Qusar rayonu: Sərhəddə yerləşən bu rayonda Şahdağ Turizm Kompleksi var, böyük otellər orda, amma rəsmi rəqəmlərə görə 2023-cü ilin 9 ayında Qusar rayonundakı otellər 735 min manat ziyan edib. Onu da deyim ki, Şahdağ Turizm Kompleksi hələ büdcədən ildə 12 mln. manat dotasiya da alır,

– Qazax rayonu: Sərhəddə yerləşən, quru sərhədlər açıq olanda otellərinə təlabat olan rayonda, 2023-cü ilin ilk 9 ayında otellər 56 min manat ziyan ediblər,

– Şəmkir rayonu: Sərhədə yaxın olan bu rayonun otelləri bu ilin 9 ayında 23 min manat ziyan ediblər,

– Balakən rayonu: Sərhədin 5 addımlığında yerləşən, əvvəllər avtobusla xaricdən gələn turist qrupları qəbul edən rayonun otelləri 2023-cü ildə 91 min manat ziyan ediblər.

Daxili turizmdən fəxrlə danışılan bölgələrdən biri də fəxrimiz olan Şuşa şəhəridir – 2023-cü ildə Şuşanın otelləri 91,2 min manat ziyan ediblər. Daxili turizmdə önəmli yer tutduğunu dedikləri Xızı rayonunun otellərinin 2023-cü ilin 9 ayında cəmi 90 min manat gəlirləri, 92 min manat da rəsmi xərcləri olub, yəni onlar da 2000 manat ziyan ediblər. Daxili turizmin inkışafı kimi təqdim edin bir bölgəmiz də Gölgöl rayonudur, təsəvvür edin ki, bu rayonun otelləri 2023-cü ildə 133 min manat ziyan ediblər.

Hanı bu quru sərhədlərin bağlı olmasının daxili turizmə xeyri, hardadır, niyə görünmür?! Tam tərsinə, ölkədə iqtisadi aktivliyin zəifləməsinin, ÜDM-in cəmi 0,5% artmasının səbəblərindən biri məhz bağlı olan quru sərhədlərdir. Belə, rəqəm, fakt, məntiq həmişəki kimi, hökumətin “arqumentlərini” darmadağın edir. Bağlı quru sərhədlər ölkənin turizm sektoruna dəstək olmur, əksinə, çox böyük zərbə vurur…”

Tacxeber.com

Oxşar xəbərlər