Bakıda tramvay xətləri nə zaman və hansı küçələrdə reallaşdırılacaq? (AÇIQLAMA)
Xəbər verdiyimiz kimi, Bakının yeni Baş planı hazırlanaraq hökumətə təqdim edilib. Yeni Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub. Paytaxtda tramvay xəttinin qurulacağı xəbəri isə cəmiyyətdə maraqla qarşılanıb. Ekspertlər bunun həm də yol hərəkətinin təşkilinə və tıxacların aradan qaldırılmasına müsbət töhfə verəcəyini düşünür.
Nəqliyyat məsələləri üzrə Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında Azərbaycanda tramvay xətlərinin yaradılmasının real olduğunu və bu təcrübənin artıq mövcud olduğunu söyləyib.
Onun sözlərinə görə, tramvay xətlərinin yaradılması ictimai nəqliyyatın şaxələnməsinə gətirib çıxaracaq: “Bu gün ölkədə ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir və onların da vəziyyəti hər kəsə məlumdur. Həm alternativ kimi, həm də sərnişin daşınması üçün tramvayların olması vacibdir. Yaxşı olardı ki, rentabelli tramvay xətləri olsun. Bu, sadəcə turistlərin qarşısında şəkil çəkdirmələri üçün və yaxud da dekorativ xarakter daşıması üçün deyil, real ictimai nəqliyyat kimi çalışmalıdır”.
Ekspert tramvay xətlərinin konkret olaraq hansı ərazilərdə çəkiləcəyinin Bakının yeni Baş planında öz əksini tapdığını vurğulayıb.