• 10 Noyabr 2024 13:47

15 il cavanlaşan xəstəlik: Ürəyimiz niyə küsür?

Ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Son zamanlar isə cavanların da bu xəstəlikdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.

Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır.
Ürək çatışmazlığı iki cür – kəskin və xroniki gedişata malikdir. Mütəxəssislər deyirlər ki, bu xəstəliyinin çoxalmasının səbəbləri – insanların əksəriyyətinin daha çox passiv həyat, oturaq iş rejiminə üstünlük verməsi, “fastfood” və stressdir.

Ürək xəstəlikləri 15 il cavanlaşıb

Aparılan araşdırmalara göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. “Worldlifeexpectancy” məlumat verir ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388,41 kimi qeyd edilib. Statistikaya əsasən, ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.

Qazanılan inkişaf yavaşlayır

Həkim-kardioloq Nabil Seyidov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, ürək-damar xəstəliklərinin müalicəsində qazanılan inkişaf yavaşlayır: “Son 30 ildə əldə olunan uğurlu nəticələrdə müəyyən mənada “yerində sayma” müşahidə edilir. Zəruri addımlar atılmasa, yaxın zamanlarda geriləmə artıq qaçılmaz olacaq. Hər il yarım milyarddan çox insan bu xəstəliyin təsirinə məruz qalır. 2021-ci ildəki statistikanı götürsək, ürək-damar xəstəliklərindən ölənlərin sayı 20,5 milyonu ötüb.

Vaxtından əvvəl infarkt və insultlarda fəsadların qarşısını almaq mümkündür. Son 50 ildə ürək-damar xəstəliklərinin öyrənilməsi, əldə edilən nailiyyətlər nəticəsində mövcud resurslar, alətlər və müdaxilə imkanları var. Amma bir çox icmalarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ürək-damar xəstəliklərinin müalicəsində irəliləyişlərin əldə olunmasına imkan vermir. Bu xəstəlik səbəbindən baş verən hər beş ölümdən dördü aşağı və orta gəlirli ölkələrdə yaşanır. Yüksək gəlirli ölkələrdə ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Tütün və alkoqollu içkilərdən istifadənin daha çox yayılması, daha çox duz istehlakı, habelə havanın çirklənməsi, fiziki aktivliyin azalması ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarını artırmış olur”.

Ölümlərin əsas səbəbi

Həkim deyir ki, onilliklər ərzində dünyada ürək-damar xəstəlikləri ölümlərin əsas səbəbi olub: “Müqayisə üçün qeyd edim ki, 1990-cı ildə ürək-damar xəstəliklərindən 12.1 mln insan ölmüşdüsə, 2021-ci ildə bu rəqəm artıq 20,5 milyon olub. Dünyanın 146 ölkəsində kişilər arasında və 98 ölkəsində qadınlar arasında vaxtsız və ya vaxtından əvvəl baş verən ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyidir.
Son 30 ildə, ümumilikdə, ürək-damar xəstəliklərindən ölüm halları artsa da, qlobal miqyasda rəqəmlər yaşa uyğun standartlaşdırıldıqda, ölüm hallarının azalmasını görürük. Əlbəttə ki, azalma daha çox və daha sürətli tərzdə məhz yüksək gəlirli ölkələrin payına düşür”.

Ölkələr üçün ciddi problem

N.Seyidovun sözlərinə görə, artan sübutlar göstərir ki, gənc insanlarda artan ürək xəstəliyinin səbəbi pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmamasıdır: “Bəzi araşdırmalar göstərir ki, COVID-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilib. Bəlkə də ən narahatedici tendensiya odur ki, yaşlı insanlar arasında ölüm hallarının azalmasına baxmayaraq, gənclər arasında infarkt bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənc yaşlı şəxslər 20-50 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli vədədə ölkələr üçün ciddi problemlərə gətirib çıxaracaq”.

 

Ürək dayanması və infarktın fərqi

Həkim bildirir ki, ürək dayanması və infarkt eyni anlamı vermir. Ürək dayanmasının səbəbləri müxtəlifdir. Ürək infarktı isə ürəyə qan axınının dayanması nəticəsində ürək əzələsinin hər hansı hissəsinin ölümü deməkdir: “Miokard infarktı artıq yalnız ahıl, orta yaşlı insanların xəstəliyi deyil. Gənclər ürək-damar xəstəlikləri, xüsusilə də infarkt və insult barədə məlumatsızdırlar. Son 20-30 ildə maarifləndirmə daha çox yaşı 40-50 yaşdan yuxarı insanları əhatə edib”.

İnfarkt kişilərdə, yoxsa qadınlarda daha çox baş verir?

Həkim ürək dayanmasına kardiomiopatiya (qalınlaşmış ürək əzələsi), ürək çatışmazlığı, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü) və miokard infarktı kimi bir neçə vəziyyətin səbəb olduğunu deyir: “Araşdırmalar göstərir ki, miokard infarktı halları gənclərdə artmaqdadır. ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, infarkt diaqnozu qoyulmuş hər 5 nəfərdən birinin yaşı 40 və daha aşağıdır. Ən təhlükəli tendensiya isə bu rəqəmin hər il 2% artmasıdır. 2019-cu ildə “American Journal of Medicine”-də nəşr olunan araşdırmadan bəlli oldu ki, 40 və daha gənc yaşda infarkt keçirmiş şəxslərin sonralar infarkt, insult və digər səbəblərdən ölmə ehtimalı yaşlı insanlarda olduğu qədərdir. Problem yalnız inkişaf etmiş ölkələrdə deyil, orta və yüksək-orta gəlirli ölkələrdə də artmaqdadır. Araşdırmalar göstərir ki, Azərbaycanda, Rusiyada, Pakistan və Hindistanda insanlar gənc yaşlarda infarkt keçirirlər. Bu oxşar mənzərənin arxasında duran səbəblər isə risk faktorlarının, bəşəriyyətin həyat tərzinin, ətraf mühitin çirklənməsinin dünyanın bütün guşələrdə eyni olmasıdır. Ürək infarktı adətən kişilərdə daha çox baş verir. Lakin son araşdırmalar gənc yaşlı kişilərə nisbətdə, daha çox gənc qadının infarkt keçirdiyini və onların klinik nəticələrinin daha pis olduğunu göstərir. Son 10-15 ildə infarkt səbəbi ilə ABŞ-də hospitalizasiya olunan şəxslər arasında qadınların payı əhəmiyyətli dərəcədə artıb”.

Gənc yaşlı şəxslər nələrə diqqət etməlidirlər?

N.Seyidov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanda Səhiyyə Nazirliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin apardığı təhlillər və tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin inkişafı baxımından risk faktorları gənc yaşlarda qazanılır, inkişaf edir. Bununla yanaşı, infarkt keçirmiş gənclərdə uzun illər gizli getmiş digər əsas xəstəliklər olub:

“Ən ciddi və çox rast gəlinən risk faktorlarına yüksək qan təzyiqi, diabet, yüksək xolesterin və piylənmə daxildir. Bütün bu xəstəliklər oksigenlə zəngin qanı ürəyə daşıyan arteriya və digər qan damarlarını tıxaya və zədələyə bilir. Vurğulanmalıdır ki, diabeti olan xəstələrdə ürək xəstəliyinin inkişafı riski iki dəfə artmış olur. Diabetlə bağlı damar və digər orqan zədələnmələri daha erkən yaşlarda başlayır, lakin uzun illər gizli qalır.

2020-2022-ci illər əlavə təhdidi ortaya qoyub. Belə ki, araşdırmalardan biri göstərib ki, pandemiyanın ilk ili ərzində infarktdan ölümlər 14% artıb və onların böyük qismi məhz 25-44 yaşlıların payına düşüb. Əlbəttə ki, COVID-19 xəstəliyi orqanizmdə müxtəlif səviyyəli iltihab proseslərini aktivləşdirir, qanın daha da qatılaşması və tromboza meylliyini artırır. Bu isə yoluxmuş insanlarda infarkt riskini yüksəltmiş olur. Problem daha çox gənc yaşlı şəxslərin öz risklərinin fərqində olmamasıdır. Həkimlər də, ənənəvi olaraq gənc yaşlı xəstələrdə ürək-damar xəstəlikləri “az və nadirdir” düşüncəsinin caynaqlarından qurtulmalıdırlar”.

Ekspert məsləhəti

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-diyetoloq İlqar Şamilovun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi insanların sağlam həyat tərzi keçirməməsidir:

“İnsanlar sağlam qidalanmaya, fiziki aktivliyə, keyfiyyətli yuxu rejiminə üstünlük verməli, stressdən uzaq olmalıdırlar. Tövsiyə edirik ki, insanlar keyfiyyətsiz, zərərli yağları rasionlarından uzaq etsinlər”.

İ.Şamilov deyir ki, əvvəlki dövrlərlə müqayisə etsək, indi fiziki aktivliyimiz çox azalıb: “Ölkəmizdə avtomobillərin sayı artıb. Biz A nöqtəsindən B nöqtəsinə getdiyimiz zaman avtomobildən, ictimai nəqliyyatdan çox istifadə edirik. Eyni zamanda, yürüş etməyi, idmanla məşğul olmağı sevmirik. Ürək xəstəliklərinin yaranmaması üçün yuxu rejimi də keyfiyyətli olmalıdır”.

Həkim-diyetoloq deyir ki, stressdən də uzaq olmaq bu xəstəliyin yaranmamasına kömək edir: “Rafinə olunmuş şəkərdən də uzaq olmaq lazımdır. Ürək-damar sistemi xəstəliklərindən uzaq olmaq üçün vətəndaşlar qırmızı ətdən, kolbasa, sosiskadan istifadə etməməlidirlər. Balıq, toyuq əti, mövsümi meyvə və tərəvəzlərdən istifadə edə bilərlər. Ət məhsullarını hazırlayan zaman yağda qızardılmışlara üstünlük verilməməlidir. İnsanlar bunlara əməl etsələr, gələcəkdə bu xəstəlikdən əziyyət çəkməyəcəklər”.

 

“Hər beş nəfərdən biri stent daşıyıcısıdır”

Qida eksperti Fərid Səfərov vurğulayıb ki, hazırda bəlkə də hər beş nəfərdən biri stent daşıyıcısıdır: “Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdır”. (“Kaspi” qəzeti)

Tacxeber.com

Oxşar xəbərlər