Silsilə zəlzələlər Xəzər çimərliklərini yararsız edib – TƏHLÜKƏ
Dekabrın 14-də Xəzər dənizində qısa fasilədən sonra növbəti zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda bildirilib. Məlumata əsasən, zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub. Yada salaq ki, az öncə dənizin Abşeron yarımadasına aid hissəsində baş vermiş yeraltı təkan Bakıda 5.6 bal gücündə hiss edilmişdi.
“Hər zəlzələdən sonra Xəzər dənizinin dibinin strukturu dəyişir. Dərələr, çuxurlar, dərin çökəkliklər əmələ gəlir və bu, hər birimiz üçün təhlükə deməkdir, xüsusən də yay aylarında dənizə gedərkən diqqətli olmalıyıq”.
Bunu Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev bildirib.
Onun sözlərinə görə, məhz bu dəyişikliklərin nəticəsi ola bilər ki, son bir neçə ildə yayda dənizdə boğulanların sayı xeyli artıb, çox sayda insan üzgüçülük zonasından cəmi bir metr aralıda boğulma təhlükəsi ilə üzləşib. Alim deyir ki, Xəzərin dibində çoxlu sayda müxtəlif tektonik qırılmalar, mikro və meqabloklar var. “Yəni dənizin dibi mürəkkəb quruluşa malikdir. Bloklarda dəyişikliklər bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq”, – o əlavə edib.
Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev isə bildirib ki, zəlzələlərdən sonra dənizin dibində dəyişiklik baş verməsi mümkündür, lakin bununla bağlı elmi tədqiqat aparılmalıdır:
“Xəzərin dibində quruluş dəyişikliyi baş verirsə, yarğanlar, çuxurlar əmələ gəlirsə, bir müddət sonra qum onları doldurur. Yarğanlar, çuxurlar daimi qalmır. Qum dənələri onları doldurur. Ona görə də düşünmürəm ki, dənizdə batanların sayının artması məhz zəlzələdən sonra dənizin dibində baş verən quruluş dəyişikliyidir. Həm də, bu dəyişikliklər baş verirsə də, dənizin dərinliklərində baş verir. Dənizdə çimənlər o hissələrə gedib çıxa bilməz. Zəlzələ dənizin sahilində baş vermir. Dənizin ortasında, sahildən çox-çox uzaq məsafədə – dərinliklərdə olur. Dəniz sahilinə titrəyiş gəlib çatır. Dediyim kimi, bununla bağlı əsaslı tədqiqat aparılmalıdır. Bilmirəm, dənizin dib quruluşunu tədqiq etmək, yarğanları, çuxurları ölçəcək cihazlar bizdə varmı? Bu sahənin mütəxəssisləri dənizin altına enirlər, lakin o qədər də dərinə gedə bilmirlər.
Ə.Əliyev qeyd edib ki, Abşeron yarımadasının, Xəzər dənizinin seysmik xəritəsi var: “Xəritədə hansı ərazilər daha çox seysmikdir, dəqiq qeyd olunur. Abşeron yarımadasının şimal-şərqində seymoaktivlik 8 ballıq hesablanır. Abşeronda ümumi seysmiklik 7 baldır. Amma məhz şimal-şərq hissə – Quba-Xaçmaz və cənub hissəsi 1 bal artıqdır. 8 ballıqdır. Dənizin dibinin quruluşu da həmin ərazilərdə dəqiq yoxlanmalıdır.
Ə.Əliyev bildirib ki, dənizdə batmaq hallarını təkcə yarğanların, çuxurların “boynuna qoymaq” olmaz. İnsanlar da məsuliyyətli olmalı, səhlənkarlıq etməməlidirlər. Fövqəladə Hallar Nazirliyi əgər deyirsə ki, filan hissədə üzməyin, çimməyin, buna əməl edilməlidir. Təhlükə var ki, insanlara xəbərdarlıq edilir. Amma xəbərdarlığa etinasız yanaşanlar olur. Digər tərəfdən dənizdə hətta ən professional üzgüçü də bata bilər. Bu, insanın dənizin hansı hissəsində, sahilə yaxınmı, uzaqmı məsafədə olmasından, üzdüyü zaman nə dərəcədə yorulmasından, həyəcan keçirib-keçirməməsindən də asılıdır”.
Ekoloq alim Ənvər Əliyev isə açıqlamasında həmkarı Qulam Babayevin iddialarını gülünc adlandırıb: