Son illər toy məclislərinin təşkili, ənənəsi ilə bağlı müxtəlif narazılıqlar dilə gətirilir. Bununla bağlı yerli mətbuatda, sosial şəbəkələrdə iradlar və təkliflər yer alır.
Tacxeber.com xəbər verir ki, bu dəfə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, ictimai fəal Emin Tarverdiyev hazırkı vəziyyətə etirazını ifadə edib.
“Əvvəllər də olurdu. Ta indiki kimi yox. Oturan kimi ilk olaraq ofisiant 2 kəlmə sözünü atır, “müəllim, bu gün qardaşın qulluğunuzdadır”. Yəni “mənə aidiyyəti yoxdur, pulumu ver e”. Sonra bəh-bəhlə toy başlayır. 2 musiqini ürəklə dinləyərsən, alqışlayarsan, bir də baxırsan, budur ha, müğənni əlini qoydu çiyninə. Pulu almayınca əl çəkmir…
Toyun şirin yerində bir də baxırsan ki, zalı tüstü bürüdü. Biri üzərlik yandırıb gətirib. Nə dildə desən, xeyri yoxdur. Pulunu alacaq.
Sonra söz verərlər və ya oynamaq üçün qalxarsan, musiqiçi ən azı 10 manatı almayınca, səni urvatsız edər.
Oynadığın an gözün divardakı monitora sataşar, özünü görərsən. Bu dəm kamera çəkən ağzının içinə girir. Fürsət tapan kimi, “qaqana bir şirinlik ver görüm” deyib həyasızcasına üzünə güləcək.
Toyun ən abırlıları “stoyanşik”lərdir. Bilirsən ki, 1 manatdır onlarınkı…”, – deyə ictimai fəal narazılığını ifadə edib.
O vurğulayıb ki, fikirlərini lağlağı məqsədilə yazılmayıb.
E.Tarverdiyevin sosial şəbəkədəki mövqeyini əksər insanlar dəstəkləyib. Həmçinin tarixçi-dosent Zaur Əliyev qeyd edib ki, indi toya 50 manat yazdırmaq ayıb sayılır: “Dəhşət bilirsən nədir?! Maaşın artmır. Amma daha 50 manat toya yazdırmaq ayıb sayılır. 100 manat minimum lazımdır. Əvvələr 50 manat tapa bilirdin. İndi isə məcbursan 100 tapasan. Tapmadınsa, izah edə bilmirsən ki, yoxumdur”.