“İndi əsas məqsəd Ukrayna üçün minimal itkilər olmaqla Rusiya hərbçilərinin maksimal dərəcədə məhv edilməsidir…”
“Qərbin hərbi yardımının kəsilməsi nəticəsində Rusiys Ukraynanın bütün ərazilərini işğal edəcək…”
Ukrayna ordusu hərbi strategiyasını yenidən nəzərdən keçirib və hələlik işğal edilmiş ərazilərinin azad edilməsindən imtina edib.
Bu barədə Almaniyanın “Bild” qəzetinin icmalçısı Yulian Röpke Ukrayna Silahlı Qüvvələrindəki mənbəyə istinadən yazıb.
Hal-hazırda Ukrayna ordusunun hərbi əməliyyatlarının əsas məqsədi Ukrayna üçün minimal itkilər olmaqla Rusiya hərbçilərinin maksimal dərəcədə məhv edilməsidir.
“Bizim məqsədimiz maksimal məhvetmə əmsalına nail olmaqdır, – bunu nəşrin həmsöhbəti bəyan edib. – Əgər bu əmsal 10:1 nisbətindədirsə, biz yolumuzu davam edəcəyik, əgər 1:1 nisbətində olarsa, biz geri çəkiləcəyik”.
Ukraynanın daha bir hərbi qulluqçusu nəşrə verdiyi müsahibəsində təsdiq edib ki, Ukrayna Silahlı Qüvvələri strategiyasını dəyişib.
“İndi daha təzyiq yoxdur, ona görə də biz, sadəcə, düşməni maksimal olaraq məhv etməyə çalışırıq. Mövqelərin əhəmiyyəti yoxdur, ən əsası, ukraynalıların əksəriyyətinin sağ qalmasıdır”, – o, deyib.
Son illər Ukraynaya məsləhətlər verən sabiq Qərb hərbçisi baş verənləri “döyüşlə nəzarət edilən geriyə çəkilmə” adlandırıb.
“Siz mina sahəsi yaradıb gözləyirsiniz ki, bu sahədə imkan daxilində daha çox rus həlak olsun və daha çox tank məhv edilsin. Onlar keçəndən sonra isə siz bir kilometr geriyə çəkilirsiniz və ruslara bu zaman müəyyən edilən növbəti mina sahəsindən keçməyə imkan verirsiniz”, – anonimlik şərtilə o, nəşrə danışıb.
Hərbi müşavirin fikrincə, belə strategiya “Rusiyanın hücumunun süquta yetəcəyi kulminasiya nöqtəsinə nail olmağa ümidlənməyi” nəzərdə tutur.
Onun sözlərinə görə, ərazilərin əldə saxlanılması və ya hətta geri qaytarılması yenidən prioritet olacaq, ya Rusiya qüvvələri kifayət qədər adamları və texnikasını itirəcək, ya da USQ-nin “oyun qaydalarını dəyişən” silahı olacaq, bu da Ukraynaya təşəbbüsü ələ almağa imkan verəcək.
Bunda öncə Ukrayna hakimiyyəti müttəfiqlərindən aldığı hərbi yardımın azalmasından gileyləlib.
Belə ki, ABŞ Konqresi oktyabr ayından Ukraynaya maliyyə və hərbi yardımı razılaşdıra bilməyib.
Ona görə də yaxın zamanlarda döyüş meydanında qüvvələr nisbətini möcüzə nəticəsində dəyişəcək silahın peyda olmasına ümid etməyə dəyməz.
Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd edir ki, Qərbin hərbi yardımının kəsilməsi Ukraynanın Rusiya ordusunu çəkindirmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər, o zaman Rusiya Ukraynanın bütün ərazisini işğal edəcək.
Ekspertlər xəbərdarlıq edib ki, bu halda Qərb Rusiya hərbi bazalarının Polşa, Slovakiya, Macarıstan və Rumıniya sərhədlərində yerləşməsinin şahidi olacaq.
Üstəlik, Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya dəstəyinin azalmasına bel bağlayır və müharibəni 2026-cı ilədək davam etdirməyə hazırdır.
Onun planlarına Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin böyük bir hissəsinin zəbt edilməsidir.
Bu məqsədə nail olmaq üçün Kreml rəhbəri hər il Ukraynada 100 min rusiyalı hərbçisinin itirilməsinə hazırdır. (Moderator)