39 ölkənin yer aldığı hərbi əməliyyatlar başladı – Dünya yeni savaşla üz-üzə
Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatı Qırmızı dəniz ticarətini tamamilə dayandırıb. Bundan öncə strateji əhəmiyyətə malik Übeydə limanı və Bəb-ül-Məndəb boğazına nəzarəti ələ keçirən husilər İsrail gəmilərinə ardıcıl hücumlar edirdi. Husilərin Qırmızı dəniz ticarətini dayandırması isə bütövlükdə dünya ticarətinə və enerji böhranına səbəb ola bilər.
Böhran qapıda
Husilərin Yəməndə apardığı silahlı mübarizə bu ölkənin daxili məsələsi hesab edilirdi. Qruplaşmanın İsrailə müharibə elan etməsi də beynəlxalq mənada problem deyildi. Lakin Qırmızı dəniz ticarətinin dayandırılması husilərin ciddi strateji səhvidir.
Məsələ ondadır ki, dünyanın illik ticarətinin 12%-i, neft daşınmasının isə 10%-i Qırmızı dənizin payına düşür. Bundan başqa, Qırmızı dəniz ticarətinin dayanması Suveş kanalının iflic olması, İstanbul boğazında isə durğunluq yarada bilər.
Qırmızı dəniz ticarətinin tamamilə dayanması fonunda enerji nəhəngləri – Britaniyanın BP, Fransanın “Total Energies”, Belçikanın Şirkəti Euronav, Tayvanın konteyner daşıma şirkəti Evergreen və daha 11 şirkət keçidlərini dayandırıb. Bu, dünya miqyasında ciddi enerji böhranının yaranması deməkdir.
Rusiya-Ukrayna müharibəsinə görə onsuz da mavi qaz böhranı yaşayan Qərbin indi də neftsiz qalması yanacaq qiymətlərində kəskin artımı qaçılmaz edir. ABŞ buna göz yuma bilməz.