Pensiya kartlarına qoyulan blokla bağlı vəsatətlər təmin edilmədi.
“Abzas Media” nəşri ilə bağlı həbs olunan jurnalistlər və ailə üzvləri, bu iş üzrə istintaqda dindirilmiş media nümayəndələrindən 20-yə yaxın şəxs onların maraqlarına toxunan məhdudlaşdırıcı qərarlardan şikayət vermişdilər. Söhbət əmlak və bank hesablarına həbs qoyulmasından, onların vergi ödənişləri və pay sahibliyi barədə bilgilərin Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasından və s. qərarlardan gedir.
“Tacxeber.com” “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində bu şikayətlərlə bağlı ayrı-ayrılıqda üç məhkəmə prosesi keçirilib. Məhkəmə iclaslarına “Abzas Media” işi üzrə həbs olunanlar – direktor Ülvi Həsənli, baş redaktor Sevinc Abbasova (Vaqifqızı), jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova da qatılıblar. Onların ailə üzvləri, əmlak və bank hesablarına həbs qoyulmuş digər şəxslər də həmin prosesdə iştirak ediblər.
Hər üç məhkəmə iclasında şikayətçilər deyiblər ki, Xətai rayon Məhkəməsində onların haqqında çıxarılmış məhdudlaşdırıcı qərarlar qanunsuz və əsassızdır. Maraqlarına toxunan qərarlar barədə özlərinə heç bir bilgi verilmədiyi də hakimlərin diqqətinə çatdırılıb.
Vəkillər bir sıra şəxsin özlərinin və analarının pensiya kartlarının bloklanmasına diqqət çəkib. Müdafiəçilər vurğulayıblar ki, pensiya kartına vəsait dövlət büdcəsindən gəlir. Onun bloklanması üçün vəsatət vermiş istintaq orqanı da, həmin vəsatətə baxan məhkəmə də bunu bildiyi halda, həmin kartların bloklanması barədə qərar çıxarılması ağlasığmazdır.
“Heç bir əsaslandırma da yoxdur ki, adamların pensiya kartı niyə bloklanır?”, – deyən vəkil Elçin Sadıqov pensiya kartlarının bloklanma səbəblərini məhkəmə zalındakı müstəntiqdən soruşmaq istəsə də, hakim buna imkan verməyib. Hakim iddia edib ki, bu məhkəmə prosesində belə suallar verilə bilməz, vəkillər onları maraqlandıran məsələyə dair istintaqı aparan Bakı şəhər Baş Polis İdarəsinə üz tutmalıdırlar.