• 25 Noyabr 2024 20:42

“Qanına narkotik yeridilib, aparırıq xəstəxanaya…” – Əsirlikdən qayıdan Aqşinin anası

Aqşin hazırda evdədir. Oğlumun sağlamlığı sıfırdır, ürəkgetmələri olur. Onun qanı təcili şəkildə yuyulmalıdır. Hər şeydən önəmli qanının təmizlənməsidir. Çünki qanına narkotik maddələr yeridilib. Aparırıq xəstəxanaya, saatlarla özünə gələ bilmir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Musavat.com-a erməni əsirliyindən azad olunan Azərbaycan əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

O bildirib ki, övladının qanını yudurmağa maddi imkanı çatmır:

“Dövlət Təhlükəsizliyi Xidməti dedi ki, bizim öhdəliyimizdədir, bizim hospitalda hər şey yoluna qoyulacaq. Dünən mən zəng edəndə dedilər ki, yaxın müddətdə xəbər edəcəklər.

Aqşin gələndən yaxşı deyil. Şərəfsizlərin vurduğu iynələr, toklar oğlumun ürəyini partlada bilər. Beyninə qan çatmır, qanı laxtalanır. Həkimlər iynə vurandan sonra özünə gəlir. Bu uşaq hara gedir, orada da ürəyi gedir, saatlarla özünə gələ bilmir. Mən övladımın gəlişinə nə qədər sevinsəm də, bir o qədər daxildən yıxılıram. Məni görənlər tanımır, 10 il qocalmışam.

Aqşin ayaq üstə möhkəm durmağa çalışır. Amma heç normal deyil. Yanında danışa bilmirik, səs götürmür, sığallaya-sığallaya danışırıq onunla. Psixoloji durumu çox pisdir, canına qıya bilər. Deyir, gedim dəniz kənarına, özümə nəsə edim. Rəngi sarı da deyil. Bu uşağın bədəninə o qədər iynə vurublar ki, çox ağır vəziyyətdədir. Təkliyə çəkilmək istəyir, əsəbləri pozulub. Hamı gəlir onu görməyə, çalışırıq ki, evdə sakitlik olsun. Hər kəs onun nə vəziyyətdə olduğunu görür. Təcili şəkildə müalicə olunmalıdır. Aqşinin ödünü, böyrəklərini MRT-dən keçirdik, qan analizləri verdik, nəticələr normal deyil, bərbad vəziyyətdədir. DTX Aqşinin bədəninə verilən tokların yerlərini də müayinədən keçirib. Qollarında bütünlüklə iynələrin yeri var”.

Dürdanə Bəbirova övladının sağlamlığının nəzarət altında saxlanılmasını xahiş edir:

“Bir ana kimi cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Şükürlər olsun ki, biz anaları yenidən həyata qaytardı. Əliyevlər ailəsinə sonsuz minnətdaram. Göydə Allah, yerdə cənab Prezident.

Bir ana kimi xahiş edirəm ki, övladımın sağlamlığı nəzarət altında olsun. Mənim bir oğlum var. Onun sağlamlığı sıfırdır. Aqşin bu vəziyyətdə işləyib evə dəstək olmaq istəyir. O bilir ki, həmişə əziyyət çəkmişik”.

D.Bəbirova Aqşinin hərbi xidmətinin davam etdirilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Aqşinin əsgərlik müddəti dekabrın sonunda bitəcək. Hüseynin əsgərlik müddəti isə bitib”.

Tacxeber.com

Oxşar xəbərlər