“Neftçi”də gözlənilən baş məşqçi dəyişikliyi baş verdi. Yayda tələm-tələsik “ağ-qaralar”ın başına gətirilən Adrin Mutu gəldiyi kimi də getdi.
Anasının vəfat etməsini bəhanə edən rumın mütəxəssis ölkəsinə getdi və qayıtmadı. Onu qovdular, yoxsa özü qaçdı, bu, bəlli deyil. Məlum olan odur ki, Mutu Rumıniyada işsiz qalmayacaq. O, “ÇFR Kluj”da çalışacaq.
Mutunu Miodroq Bojoviç əvəzləyəcək. Monteneqrolu məşqçi artıq klub rəhbərliyi tərəfindən təqdim olunub. Rumıniyalının gedişi rəsmi formada açıqlandıqdan bir neçə dəqiqə sonra Bojoviç “Kəpəz”lə oyunun mətbuat konfransında təqdim olunub.
Kimdir Miodroq Bojoviç? Köhnə Yuqoslaviyada, indiki Monteneqro ərazisinə daxil olan Moykoviçdə dünyaya gəlib. 55 yaşı, bir də, uca boyu var. Uca boyundan müdafiəçi kimi düz-əməlli yararlana bilməyib. Futbolçu olduğu dönəmdə yalnız Yuqoslaviya kubokunu qazana bilib.
Məşqçi kimi karyerası elə köhnə Yuqoslaviya və Rusiyadan ibarət olub. Qısa bir dönəm Yunanıstanda çıxış edib. Azərbaycanı onun üçün yeni region hesab etmək olar.
Məşqçi karyerası boyunca 20 ildə cəmi 2 titul qazansa da, 16 klubdan yolu keçib. Bəzi komandalarla 2-3 dəfə çalışıb. 3 dəfə rəhbərlik etdiyi “Borac Çaçak”la “əsl eşq” yaşayıb desək, yanılmarıq. Bir ildə 2, hətta 3 klub dəyişdiyi vaxtlar belə olub. Onların saysaq, yəqin ki, ürəyimiz çəkilər.
Son iş yeri Tula “Arsenal”ı olub. Bir vaxtlar Rusiyanı avrokuboklarda təmsil edən və “Neftçi” tərəfindən qarşısı kəsilən “topçular” məhz Miodroq Bojoviçin “uğurlu fəaliyyət”i sayəsində qonşu ölkənin Premyer Liqasını tərk edib.
Məşqçilik dönəmində “Rostov”la 2013/14 mövsümündə Rusiya kubokunu qazanıb, “Srvena Zvezda” ilə isə Serbiya çempionluğunu (2015/16) bayram edib.
Onu “Neftçi” rəhbərliyinə klubun idman üzrə müşaviri Yens Andersson təklif edib. İsveçli funksioner Miodroq Bojoviçdə nə görüb, nəyi bəyənib, onu hansı xüsusiyyətinə görə seçib? Belə bir CV-yə malik olan, 21 ildə 20 dəfə iş yerini dəyişən məşqçiyə “Neftçi” kimi klub həvalə edilib? Azərbaycanda Bojoviç səviyyəsində məşqçi yox idi ki…