• 23 Noyabr 2024 18:35

Anası lənətlədi, faciə dolu həyat yaşadı: Saçlarından gor yastığı düzəldən Xalq artisti

 

Məncə onun həyatı, keçdiyi keşməkeşli ömür yolu simasındakı cizgilərinə belə hopmuşdu. Göründüyü kimi olmayan və ya bəlkə də olmaq istədiyi kimi görünməyə can atırdı. Bunu özündən və onu yaxından tanıyanlardan başqa kimsə bilməz. Güclü qadın, güclü ana, güclü aktrisa, həyatda bədbəxt, sənətdə xoşbəxt Nuriyyə Əhmədova.

Tacxeber.com xəbər verir ki, bu gün sevilən aktrisanın doğum günüdür.

Əsl adı Nuriyyəxanım olan Nuriyə Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda anadan olub. Atası hərbiçi, anası isə evdar qadın idi. Ümumiyyətlə, balaca Nuriyyə sərt qayda-qanunları, öz prinsipləri, həyat şərtləri olan bir hökmlü ailədə böyüyüb. Nuriyyə Əhmədova da ailəsindəki qadağalardan yeganə xilas yolunu məhz sevdiyi sənətinə sahiblənməkdə, istedad və bacarığını əməyi sayəsində üzə çıxarmaqda görüb. Ailəsində və ətrafında gördüyü xarakterlərdəki həyat ifadələrini yaradıcılığında göstərmək, qınaq obyektinə çevirmək üçün də cəsarətli qərarını verərək, sənətə doğru ilk addımlarını atıb. Sənədlərini Asəf Zeynallı adına Musiqi Texnikumuna verib. Lakin 18 yaşına çatmadığı üçün qəbul edilməyib. Təsadüf nəticəsində günlərin birində bəstəkar Tofiq Bakıxanovla qarşılaşır və bu görüş onun həyatının dönüş nöqtəsi olur. Gənc Nuriyyə Musiqili Komediya Teatrına gəlir və burada böyük bir məktəb keçir. Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Ofeliya Aslan kimi sənətkarların xeyir-duasını alır, onlarla birlikdə yadda qalan obrazlara həyat verir.

Anası aktrisa olduğuna görə, qızını son nəfəsinə kimi bağışlamayıb. Nuriyyə xanım müsahibələrinin birində deyib ki, anam mənə halallıq vermədi, bağışlamadı, lənətlədi… Halallıq və valideyn xeyir duası. İnsanın xoşbəxtliyinin ən böyük səbəbidir məhz bu iki amil. Mən isə bu xoşbəxtlikdən bir ömür boyu məhrum oldum. Anamın sayəsində… O mənə xeyir-dua versəydi, hər şey tam fərqli ola bilərdi… amma olmadı…

Ən böyük səhvini ailə həyatı qurmağında görüb aktrisa. Sənətdə yüksəldikcə ailəsində tam əksi olub. İtirə-itirə gedib sevdiklərini…

Məşhurluğun sizə verdikləri çox oldu, yoxsa aldıqları sualına cavabı belə olub:

Yarı-yarıya deyərdim. Amma bildiyim bir həqiqət var ki, məni yaşadan sənətimdir. Özümdə bağışlamadığım o qədər səhvlər var ki… Kaş ki, zamanında belə etməzdim. İnsan gərək ən birinci özünü sevsin, düşünsün. Mən isə heç vaxt nə özümü fikirləşdim, nə də özümü düşündüm. İçimdə böyük bir fəryad tüğyan edir. Zarafat deyil, iki övlad itirmək… Dünyaya gətirdim, min bir əzab-əziyyətlə boya-başa çatdırdım, ən gözəl yaşlarında, ömrün ən yaxşı çağında mən balalarımı itirdim. Birinci övladımı itirəndən sonra mənim ailəm dağıldı. İkinci övladımı itirəndən sonra isə mən özüm də yox oldum. Bir heç oldum…

Yuxularıma da gəlmirlər. Yuxu görmürəm axı, çünki yata bilmirəm… Elə bir tək onların xəyalı ilə arzularımızdan, keçmişimizdən danışıram onlarla…

Mən gülürəm, gözümdən yaş tökülür. İçim yanır, yanır… Özümə ancaq bir sualı verirəm:

Deyirəm sən axı niyə belə oldun, ay Nuriyyə?

O, mənəvi övladı, qızının yadigarı Faiqə görə ayaqda qalmağa davam edib, bacardığı qədər də qala bilib. Allah ona dərd verdikcə, mərhəməti daha da artırdı sanki.

O qədər faciələr yaşayasan, amma hər zaman yaddaşlarda komik obrazlarla qalasan. Kino sənəti tarixində Nuriyyə Əhmədova qədər faciəvi taleyi olan ikinci aktrisa çətin tapıla. Özü də həmişə deyərdi ki, mənim həyatım elə başdan-ayağa ayrıca bir filmdir.

Kinoda onu aktrisa kimi kəşf edən Şahmar Ələkbərov olub.

“Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba”, “Mozalan” süjetləri. Bənzərsiz idi, fərqli idi bütün bu obrazlarda. Dadı, duzu idi Xalq artisti Nuriyyə Əhmədova filmlərimizin. Özünün isə həyatda nə ağzının dadı oldu, nə də duzu.

Ailəmdəki faciələr məni yıxdı, amma sənət məni yaşadır deyirdi hər dəfəsində. Ömrü kirayələrdə keçdi. Heç vaxt öz evi olmadı. Sənətə gələndən ev növbəsinə yazıldı. Düz 48 il gözlədi. Bu dəfə də arzusuna çata bilmədi.

Nuriyyə Əhmədova 2015-ci il oktyabrın 10-da kəskin ürək tutmasından səhərə yaxın vəfat edir. Sağlığında vəsiyyət etdiyi kimi qızının və oğlunun uyuduğu qəbiristanlıqda dəfn olunur.

Nuriyyə Əhmədova saçlarını darayanda, kəsdirəndə bir torbaya yığırmış. Deyirmiş ki, mən öləndən saçımın tüklərindən bir yastıq düzəldib mənimlə birlikdə basdırarsınız.

Kim bilir, bəlkə də bu dünyada ona qismət olmayan rahatlığı aktrisa o dünyada, canından bir parça olan övladlarının yanında tapmaq istəyirmiş.

Tacxeber.com

Oxşar xəbərlər