Azərbaycan televiziyalarının durumu təkcə tamaşaçıları yox, sənət adamlarını da ciddi narahat edir. Xalq artisti Rasim Balayev “Cebhe.info”-ya müsahibəsində televiziya sahəsindəki vəziyyətdən danışıb.
– Rasim bəy, Kamran Həsənlinin televiziya haqqında dedikləri müzakirə yaradıb. Siz necə düşünürsünüz, Kamran bəyin dediklərində həqiqət var?
– Mən eşitmişəm ki, o, efiri tənqid edib, amma televizora baxmadığım üçün çıxışı izləməmişəm. Buna görə onun fikrini şərh etmək istəməzdim. Ancaq dediyim kimi, mən televizorda yerli proqramlara və tok-şoulara baxmıram. Çünki maraqsızdır və psixoloji baxımdan xalqımıza çox mənfi təsir göstərir.
– Televiziyaya hansı yeniliklər gətirmək lazımdır ki, əhaliyə müsbət təsir göstərsin?
– Peşəkar insanları efirə cəlb etmək lazımdır. Çox təəssüf ki, peşəkarların çoxunu efirdən uzaqlaşdırıblar. Peşəkar aparıcılarımız ola bilər, amma məsələ ondan gedir ki, bu gün peşəkar rejissor, ssenarist və televiziyanın ruhunu başa düşən insan lazımi səviyyədə yoxdur. Operator işləri, kameramanlıq, normal görüntülər və s. işlər doğru görülmür.
Onun əvəzinə efirlərdə rəqs edirlər, aparıcı da oynayır, qonaqlar da. Ümumən götürsək, çoxları belə edir. Eynən uşaqların kukla teatrına bənzər proqramlar gedir.
– Bütün saydığınız nöqsanların qarşısını almaq mümkündürmü?
– Yaranmış vəziyyəti düzəltmək üçün peşəkarları cəlb etmək lazımdır. Peşəkar adamlar efirə cəlb olunduğu an yaranan neqativlər aradan qaldırıla bilər. Lakin nöqsanları düzəltmək üçün müəyyən bir zaman da lazımdır. Zaman isə 1 ay da çəkə bilər, 3 il də, 5 il də və ya daha uzun zaman aralığı da lazım ola bilər. Təəssüf ki, efirdə peşəkar adamlar qalmayıb. Bunların da hər birini ən başdan, yəni sıfırdan başlayıb düzəltmək lazım olacaq.
– Hazırda da televiziyada sizin köhnə filmləriniz nümayiş etdirilir. Necə düşünürsünüz, nəyə görə köhnə filmlərə daha çox maraqla baxırıq, nəinki yeni filmlərə?
– Film çəkmək çox mürəkkəb prosesdir. Filmi çəkmək üçün peşəkar rejissor, maraqlı ssenari yazan ssenaristlər və aktyor heyəti olmalıdır. Film yaratmağın özü bir əsərdir. Onu yaratmaq üçün qabiliyyət, məharət və mən hətta deyərdim ki, özəl vergi olmalıdır. Televiziya kanallarına mən baxmıram, amma oradan- buradan eşidirəm ki, kanallarda seriallar, mənasız, bayağı şou proqramlar və digər neqativ kontentlər yayımlayır. Ona görə TV-yə baxanda “pultun knopkasını” basıram ,cevirirəm növbəti kanala.
– SSRİ dönəmində senzura, daha sonra Bədii Şura vardı, ona görə də bayağı proqramlar efirdə yayımlanmırdı. Necə düşünürsünüz, bunların bərpası yenə əvvəlki effekti verə bilər?
– Bilirsiniz, senzura yaxşı bir şey deyil və mən yenə senzuranın əleyhinəyəm. Senzuranı qaytarsaq və o, həmin bayağı verilişləri hazırlayan insanların nəzarətinə verilsə, qaytarılmasa daha yaxşıdır. Senzura ona görə də lazım deyil. Hər bir telekanal öz reytinqinə uyğun fəaliyyət göstərir. Hər birinin də özünəməxsus bayağı verilişləri, proqramları var. Ona görə senzuranın olması mütləq deyil. Hətta deyərdim ki, efirə müəyyən ziyanlar verə bilər.
– Televiziyaya dəyişiklik təklif edirsiniz, lakin senzurasız?
– Bəli, tamamilə doğru dediniz. Mən demirəm ki, senzura pis çıxış yoludur. Sadəcə onu demək istəyirəm ki, senzura elə də bir şeyi dəyişməyəcək. Senzuranın olmasından istifadə edərək, yenə də efirə hansısa başqa mənasız proqramlar gətiriləcək.
– Bədii Şuraya da qarşısınız?
– Mən Bədii Şuranın o adla fəaliyyət göstərməsinə qarşıyam. O adın yerinə Bərpa Şurası və ya sadəcə “bərpa etmək” olsa, daha məqsədəuyğun olardı.
– Efirlərdə bayağı mahnılar, rəqslər, açıq-saçıq geyimlər adi haldır. Səhv etmirəmsə, rəqqasələrin beldən yuxarı, sinədən aşağı hissəsinin açıq olmasına efirlərdə məhdudiyyət qoyulmuşdu.
– Birinci növbədə onu qeyd edim ki, açıq-saçıq geyim anlayışı şərtidir. Mənim o fikrə baxış tərzim bir az fərqlidir. Mənim üçün geyimin yaraşması və ya yaraşmaması anlayışı var. Konkret olaraq onu deyə bilərəm ki, açıq-saçıq verilişlərin müəyyən yayım vaxtı olmalıdır. Çünki uşaqlar və digər yaş qrupundan tamaşaçılar var. Buna görə də o verilişlərin yaş məhdudiyyəti olmalıdır.
Məsələn, 18 + və s. Amma geyim zövq məsələsidir . Lakin qeyd edim ki, açıq-saçıq geyimlərin qadağan olunmasının əleyhinəyəm. Dediyim kimi, zövq məsələsidir, xoşuma gəlirsə, baxıram, xoşuma gəlmirsə, baxmıram. Kiminsə xoşuna gəlirsə, qoy baxsın.
– Efirdə bəzən hətta eynicinslilərin münasibətlərinin təbliğinə də rast gəlirik.
– Məncə, efirdə homoseksualizmin təbliğatı qadağandır. Amma dünyanın çox yerində bu məsələ var və aktualdır. Cəmiyyət arasında insanların buna baxış tərzi müxtəlifdir.
– Sizin baxış tərziniz necədir?
– Hazırda homoseksullar haqqında nəsə deyə bilmərəm. Amma bu, o demək deyil ki, onlara baxmayaq. Dünya şöhrətli məşhurlar tanıyıram ki, homoseksualdır. Kifayət qədər çox aktyor, rejissor, bəstəkar, ssenarist və s. məşhurların adları çəkə bilərəm ki, onlar homoseksual olublar. Lap misal üçün, Çaykovski və mənə verilən məlumata görə, brutal kişi obrazını oynayan Ceyms Bond və s. məşhurlar.
Amma bu, o demək deyil ki, onlara baxmayaq. Dediyim kimi, hər kəsin bu məsələyə öz baxış tərzi var. Onlar barəsində mənim baxış tərzim neytraldır. Ancaq onların təbliğatından danışmaq olmaz. Kimin xoşu gəlirsə, baxsın, kimin xoşu gəlmirsə, TV kanalını çevirə bilər.