“Son vaxtlar Azərbaycanda quzu əti istehsalı kəskin şəkildə aşağı düşüb. Formal olmasa da, hökumət nümayəndələri mətbuatda qeyd etmişdilər ki, quzunu 1 yaşına kimi saxlayıb sonra kəsimə vermək məsləhətlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.
Ekspert Yeni il ərəfəsində quzu ətinin qiymətində qeydə alınan kəskin artımdan söz açıb.
Qeyd edək ki, bayram günləri ilə əlaqədar paytaxtın bir çox ət dükanlarında mal və quzu ətinin qiymətində artım müşahidə olunur. Belə ki, paytaxtın bir çox ət dükanlarında quzu ətinin qiyməti 20-22 manat civarındadır.
Məsələyə münasibət bildirən V. Məhərrəmov əlavə edib ki, bu səbəbdən də ət bazarında cavan quzuların kəsilməsi müşahidə edilmir:
“İndi Yeni il qabağı fermerlər çalışır ki, gəlirlərini artırsınlar. Quzu əti də bir o qədər bazara çıxarılmadığı üçün onun qiymətini artırıblar. Bazara diqqətlə fikir versək, görərik ki, bazarda, əsasən, 1 yaşı olan və 1 yaşdan yuxarı olan erkək heyvanların əti çoxluq təşkil edir. Biz o vaxtı dedik ki, belə bir siyasətin yürüdülməsi yanlışdır. Ona görə ki, heyvanlar cavan olanda daha qısa müddətdə ət artımı baş verir. Amma onları uzun müddətə saxlayanda daha çox yemlə qidalanırlar və çəki artımı bir o qədər də olmur. Əgər ətə, ota və yemə qənaət etmək istəyirlərsə, onda heyvanları cavan vaxtı kəsimə vermək lazımdır. Hansı ki, bu, digər ölkələrdə də var”.
Onun sözlərinə görə, indi isə görünən odur ki, quzu ətində defisit yaranıb:
“Son 1 ildə Azərbaycanda xırdabuynuzlu heyvanların sayında 770 min başdan çox azalma var. Bu da o deməkdir ki, artıq heyvandarlıqla məşğul olanların sayı azalıb. Eləcə də xırdabuynuzlu heyvanları saxlayan fermerlər çalışırlar ki, sayı azaltsınlar. Bu isə örüş sahələrinin azalması ilə bağlıdır. Örüş sahələri əvvəlki kimi məhsuldar deyil, ərazilər azalıb və bir hissəsini əkinə veriblər. Ona görə də artıq quzu əti daha çox xaricdən idxal olunur”.
Müsahibimiz aydınlaşdırıb ki, bu ilin 9 ayı ərzində xaricdən 305 min baş xırdabuynuzlu heyvanlar idxal edilib ki, bunun içində quzular da var:
“Bu da artıq o deməkdir ki, Azərbaycan idxaldan asılı qalıb. Bazarda qiymətlərin kəskin dəyişməsi hələ bir müddət baş verəcək. Bu gün quzu ətinin 20 manat və daha yuxarı olması hələlik son hədd deyil. Ona görə ki, daxili bazarda təklifi artırmaq üçün fermerlər və kəndlilərin elə də böyük imkanları yoxdur. Hökumət bu sahəyə ciddi fikir vermir deyə quzu ətinin qiymətində artım baş verir ki, bu da təbiidir”.