• 22 Sentyabr 2024 11:43

Emin Əmrullayev: “Son illər ali təhsil alanların sayı 3 dəfə artıb”

– Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb.

– Azərbaycanda ali təhsil alan şəxslərin sayı son 5 ildə 55132 nəfər və ya 32.3%, son 10 ildə 77275 nəfər və ya 53%, son 15 ildə 92379 nəfər və ya 70.8%, son 20 ildə isə 102770 nəfər və ya 85.6% artıb.

– Müstəqilliyin əldə edilməsindən 2022-2023-cü tədris ilinə qədər ali təhsil alan şəxslərin sayı 114864 nəfər və ya təxminən 2 dəfə artıb.

– Son 10, 15, 20 ildə heç vaxt ali təhsil alan şəxslərin sayı 3 dəfə artmayıb.  

 

Noyabrın 1-də keçirilən Təhsilin İnkişafı Forumunda çıxışı zamanı Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb.

“Fakt Yoxla” nazirin təhsil alanların sayı ilə bağlı iddiasının doğru olub-olmadığını yoxlayıb.

Elm və təhsil nazirinin açıqlamasında “son illər” ifadəsi qeyri-müəyyən olsa da, biz son 5, 10, 15 və 20 ildə ali təhsil alan şəxslərin sayını müqayisə etməyi qərara aldıq. Dövlət Statistika Komitəsi bildirir ki, 2022-2023-cü tədris ilində ali təhsil müəssiələrində təhsil alan şəxslərin sayı 222809 nəfər olub. İllər üzrə ölkənin bütün universitetlərində ali təhsil alan şəxslərin sayı aşağıdakı kimi olub:

 

Göründüyü kimi, Azərbaycanda ali təhsil alan şəxslərin sayı son 5 ildə 55132 nəfər və ya 32.3%, son 10 ildə 77275 nəfər və ya 53%, son 15 ildə 92379 nəfər və ya 70.8%, son 20 ildə isə 102770 nəfər və ya 85.6% artıb.

Müstəqilliyin əldə edildiyi 1991-ci ildə (1991-1992-ci tədris ilində) Azərbaycanda ali təhsil alanların sayı 107945 nəfər olub. Yəni, müstəqilliyin əldə edilməsindən 2022-2023-cü tədris ilinə qədər ali təhsil alan şəxslərin sayı 114864 nəfər və ya təxminən 2 dəfə artıb.

Bu rəqəmə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayını da əlavə edib yenidən müqayisə edək. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-2008-ci tədris ilinin əvvəlində xarici universitetlərdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1256 nəfər, 2012-2013-cü tədris ilində 2270 nəfər, 2017-2018-ci illərdə 1800 nəfər, 2022-2023-cü ildə 1004 nəfər olub. Beləliklə, Azərbaycanda ali təhsil alan şəxslərin və xarici ölkələrdəki universitetlərdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı son 5 ildə 33.8%, son 10 ildə 51.3%, son 15 ildə təxminən 70% artıb. Bu müddət ərzində dövlət proqramı ilə təhsil alanların sayı 6330 nəfər olub.

Qeyri-dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq məlumat yoxdur. Elm və Təhsil Nazirliyi xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Ayrı-ayrı ölkələrdə təhsil alan azərbaycanlıların sayına gəlincə, 2023-cü ilin fevral ayında Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkədə təhsil alan azərbaycanlıların sayı 8 minə yaxındır. 2022-ci ildə bu rəqəm 11 min olub. Yəni, Rusiyada oxuyan azərbaycanlı tələbələrin sayı azalıb. Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin sayı 2017-2018-ci tədris ilində 2702 nəfər olduğu halda, 2021-2022-ci ildə bu rəqəm 903 nəfər olub. Türkiyədə təhsil alan tələbələrin sayı 2016-cı ildə 15036, 2022-ci ildə isə 28500 nəfər olub. Yəni, artım təxminən 90%-ə yaxındır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlardan aydın olur ki, 1991-ci ildən 2023-cü ilə qədər Azərbaycan əhalisinin sayı təxminən 40% artıb. Əhalinin sayı dəyişdiyinə görə müxtəlif illərdə təhsil alan tələblərin sayını müqayisə etmək üçün əhalinin hər 10 min nəfərinə düşən tələbə sayını müqayisə etmək də məqsədəuyğundur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1991-1992-ci ildə əhalinin hər 10 min nəfərinə düşən tələbə sayı təxminən 150, 2022-2023-cü ildə isə 220 olub. Beləliklə, müstəqilliyin əldə edilməsindən bu yana əhalinin hər 10 min nəfərinə düşən tələbə sayı təxminən 47% artıb.

Yəni nazirin iddia etdiyi kimi, son 10, 15, 20 ildə heç vaxt ali təhsil alan şəxslərin sayı 3 dəfə artmayıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Elm və təhsil naziri Emin Əmrullayevin ali təhsil alan şəxslərin sayı ilə bağlı iddiası yanlışdır.

Tacxeber.com

Oxşar xəbərlər