• 25 Noyabr 2024 09:55

Rusiya İrana kredit xətti açıb – Öz məhsullarını satmaq üçün

 

Sberbank və Bank Melli İran Rusiyadan İrana zəruri malların idxalı üçün 6,5 milyard rublluq (təxminən 70 milyon dollar) kredit xətti açmağa razılaşıb.

Musavat.com xəbər verir ki, bu barədə İran Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzinin Rusiyaya səfəri çərçivəsində Sberbank və Bank Melli İranın rəhbərləri arasında görüş keçirilib və bu görüşdə Rusiyadan zəruri malların idxalı üçün 6,5 milyard rubl məbləğində kredit xəttinin açılmasına dair qərar qəbul olunub.

Bildirilir ki, bu addım İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonası haqqında sazişin imzalanmasından sonra Moskva ilə Tehran arasında maliyyə-bank əməkdaşlığının inkişafı yolunda ilk addımlardan biridir.

İran Mərkəzi Bankı Tehran və Moskva arasında “maliyyə və bank əməkdaşlığı tarixində yeni səhifənin başladığını” vurğulayıb.

Xatırladaq ki, dekabrın 25-də Aİİ ölkələri (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya) İranla tam miqyaslı azad ticarət sazişi imzalayıb. Sənədin imzalanması mərasimi Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində baş tutub.

Tacxeber.com

Oxşar xəbərlər