• 24 Noyabr 2024 16:43

Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin “tibbi arayış” HƏNGAMƏSİ

“Əksər məktəblərdə uşaqlar bir gün belə dərsdən qaldığı üçün tibbi arayış istənilir. Poliklinikaya getdikdə isə bu arayış üçün bir çox testlər tələb olunur. Məsələn, qrip üçün gedən xəstəyə göz, burun və digər müayinələr edirlər. Bu isə həm uşağın bir neçə gün əlavə dərsdən qalmasına, həm də əlavə vaxt itkisinə səbəb olur.”

Belə bir şikayət məktubu ilə oxucularımızdan biri bizə müraciət edib.

Tacxeber.com xəbər verir ki, publika az ünvanlanan şikayət məktubu və qeyd olunan məsələni araşdırıb.

Məsələ ilə bağlı təhsil eksperti Cahid İmanlıya müraciət etdik. O qeyd etdi ki, bu məsələ həqiqətən ciddi məsələdir, valideynin uşağını poliklinikaya aparmağı və uşağının həqiqətən xəstə olduğunu sübut etmək üçün xeyli vaxtı və pulu gedir:

“Bir çox hallarda valideynlərin övladlarını ümumiyyətlə xəstəxanaya aparmağa maddi imkanları olmur və ya uşaqlarda yüngül qrip, halsızlıq olarsa onları ev şəraitində müalicə etməyə çalışırlar. Eləcə də valideynlər ciddi xəstəliyi olan uşaqları dövlət xəstəxanalarına yox, özəl klinikalara aparırlar. Yəni əksər hallarda poliklinikalar xəstə olan uşaqlara sadəcə xəstə olması haqqında arayış verirlər. Bu arayışın verilməsi də valideynlər üçün əlavə zaman və maddi vəsait tələb edir. Hətta buna görə arayış almağa imkanı olmayan şagirdlər faktiki xəstə ola-ola məktəbə getməli olurlar. Nəticədə, yoluxucu xəstəliklər məhz daha çox təhsil müəssisələrində yayılır”.

 

Təhsil eksperti əlavə edib ki, müasir təhsil sisteminin əsas məqsədlərindən biri də şəxsiyyət yetişdirməkdir:

 

“Sağlam bədəndə sağlam ruh olar” prinsipi ilə yanaşsaq bizim üçün ilk prioritet şagirdlərin sağlamlığı olmalıdır. Hazırda poliklinikalardan xəstəliklə bağlı arayış almaq üçün cibində ayrıca olaraq əsəb dərmanı gəzdirməlisən. Mövcud qaydalar dərhal dəyişdirilməlidir. Valideyn məktəbə övladının xəstə olması haqqında məlumat verməli, məktəbin həkimi şagirdin yaşadığı sahə həkimi ilə əlaqə yaratmalı və həkimin şagirdin yaşadığı evə getməsini təmin etməlidir. Sahə həkiminin tövsiyəsi ilə şagirdin müalicəsinin neçə gün davam edəcəyinə qərar verilməlidir. Məhz sahə həkiminin rəyi ilə şagirdin neçə gün üzrlü səbəbə görə dərsdə iştirak edə bilməyəcəyi müəyyən edilməlidir. Bu zaman tövsiyə olunan icazə günlərinin sayı 7 gündən çox olmamalıdır. Adətən mövsümi xəstəliklər zamanı bu müddət şagirdin sağalmasına bəs edir. Daha uzun sürən, yoluxucu və ya xroniki xəstəliklər üçün arayışlar tələb olunması qaydası qüvvədə qala bilər. Belə olanda məsələni qismən həll etmək olar”.

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla diqqətə çatdırıb ki, əvvəla hər bir məktəbin tibbi məntəqəsi olmalıdır:

“Uşaqda xəstəlik əlaməti baş verdikdə məktəbdə tibb məntəqəsində qeydiyyata düşməlidir. Bundan sonra məlum olacaq ki, həmin xəstə yataq rejiminə keçməlidir, ya yox. Bunun bir başqa yolu isə sahə həkimidir. O, həmişə gəlib evdə xəstə adamı yoxlamalı, onu qeydiyyata almalı, lazım olanda da tibbi arayış verməlidir. Yəni bu sistem uzun müddət fəaliyyət göstərib. Hazırda əlbəttə, poliklinikaya gələn uşağı poliklinikada nə bilirlər ki, bu xəstə olub, ya olmayıb? Buna görə də yəqin bu arayışı təsdiq etmək üçün müəyyən müayinələr tələb olunur. Bunun üçün də effektiv sistem qurulmalıdır.

 

Bu da ailə həkimi institutundan ibarətdir. Tibb Universitetində ailə həkimi ilə bağlı xüsusi ixtisas müəyyən edilib və bu kadrlar indi hazırlanır. Yəqin ki, yaxın illərdə ailə həkimləri artıq tam ixtisaslaşmış həkimlər olacaq və yavaş-yavaş öz yerlərini tutacaqlar. Bu problem də öz həllini tapacaq. Əlbəttə, düşünürəm ki, həkimlər konsultasiya yolu ilə müraciət edən şəxsin həqiqətən xəstələnib xəstələnməməsinə təyin etməlidir. Belə olan halda verilən arayış da həqiqətə uyğun olar”.

TƏBİB Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəb və məktəbəqədər müəssisələrdə, kollec, lisey və universitetlərdə təhsil alanların ailə həkimi tərəfindən əmək qabiliyyətini müvəqqəti itirməsi (xəstəlik, karantin və digər səbəblərdən) aşkar edildikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş tibbi arayış (TQS№ 095) təqdim olunur:

“Sözügedən arayış ambulator-polikilinik tibb müəssisəsi tərəfindən müvafiq müayinələr aparıldıqdan və diaqnoz təsdiqləndikdən sonra tərtib olunan tibbi qeydiyyat sənədidir. Bu baxımdan arayışın təqdim olunması üçün zəruri müayinələrin təyin və icra olunması şərtdir”.

Tacxeber.com

Oxşar xəbərlər