• 25 Noyabr 2024 16:55

“Xalq artisti” adı bu şəxslərdən alına bilər

 

Məşhur müğənni Filip Kirkorovun bloger Anastasiya (Nastya) İvleyevanın təşkil etdiyi “Çılpaq gecə” adlı tədbirdə iştirakı zamanı istifadə etdiyi geyim Rusiya ictimaiyyətinin kəskin reaksiyalarına səbəb olub. Hətta aralarında deputatların da olduğu bir sıra şəxslər Kirkorovun “xalq artisti” adının məsuliyyətinə yaraşmayan hərəkətlərinə görə bu adın ondan geri alınmasını tələb edib.

Bəs, Azərbaycanda da “xalq artisti” adına yaraşmayan hərəkətlər edən şəxslərə qarşı hansısa tədbirlər görülə bilərmi?

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Kult.az-a açıqlamasında “xalq artisti”nin “xalq şairi”, “xalq yazıçısı” fəxri adı ilə eyni çəkidə olmadığını deyib:

“Təəssüflər olsun ki, bu gün daşıyıcıları arasında çox görkəmli sənətkarlarımız olan bu adı elə onu daşıyanların bəziləri yüngülləşdirib. Bu gün ekranın, sosial şəbəkələrin, medianın cəmiyyətin aşınmasında ciddi rolu var. Boşanmalar, intiharlar, əhali artımının dayanması, milli əxlaqla düz gəlməyən yaşayış tərzi birbaşa bu kimi şeylərdən qaynaqlanır. Bu, yad mədəniyyətin gətirdiyi ölümdür, mədəniyyət adına antimədəniyyətin cəmiyyətin mədəni-əxlaqi dəyər dayaqlarını sarsıtmasıdır.

Düşünürəm ki, bu adların verilib-alınması məsələsi incəsənət aləmində söz-söhbətə səbəb olan mübahisəli mövzudur. Hər halda dövlət, xalq sənətkara etimad göstərir, ona fəxri ad verirsə, o da təkçə ekranda yox, həyatda da bu adın şərəfini, yüksəkliyini qorumalıdır”.

Xalq artisti Nurəddin Mehdixanlı da açıqlamasında bu məsələdə ümumi cəmiyyət qınağının vacibliyini vurğulayıb:

“Əgər bir nəfərə fəxri ad verilirsə, bilməlidir ki, ona verilən bu ad sıradan titul deyil, xalqın məsuliyyəti, dövləti təmsil edən şəxsin imzası ilə verilən bir addır və özünü buna uğun aparmalıdır. Mən düşünmürəm ki, bizim fəxri ad almış sənətkarlarımızın mütləq əksəriyyəti bu adı doğrultmur. Cəmiyyət kimlərin necə olduğunu görür. Ancaq bu adı doğrultmayanlara ümumi cəmiyyət qınağı da olmalıdır.

Hamı bilməlidir ki, dövlətin, millətin, xalqın mənafeyinə, adət-ənənəsinə, mədəniyyətinə, dəyərlərinə zidd olan davranış və əməllərinə görə cəzalandırılıb, aldıqları adlardan, orden və medallardan, rütbələrdən məhrum edilən hərbi rütbəlilər, ədəbiyyat, sənət adamları var. Təcrübədə bu varsa, demək, hüquqi bir presedent, qanun, nizam var və buna uyğun davranmaq lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər