• 24 Noyabr 2024 02:01

Elvin Mustafayev istintaq zamanı şantaj olunduğunu və şərləndiyini deyib

Dedilər ki, səni ya qadın zorlamaqda, ya İrana casusluqda günahlandırıb tutacağıq, ya da “narkotik” ittihamını qəbul etməlisən”

Dekabrın 28-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin işi üzrə məhkəmə iclası keçirilib. Konfederasiyanın idarə heyətinin üzvü Sara Rəhimova Abzas Media-ya deyib ki, fəal məhkəmədə çıxış edib və şərləndiyini bildirib.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirlən prosesdə Mustafayev deyib ki, o, məcburiyyət qarşısında narkotik ittihamını qəbul edib:

 

 

 

“Nizami rayonu ərazisində marketdən çıxanda mülki geyimli şəxslər tərəfindən zorakılıqla saxlanıldım. Məni apardılar Nizami rayon Polis İdarəsinə. Orada dedilər ki, səni ya hansısa qadını zorlamaqda ittiham edib tutacağıq, ya İran agenti kimi, ya da “narkotik” ittihamını qəbul etməlisən. Mən imtina etsəm də, bir büküm narkotiki qarşıma qoyub and içdilər, özlərinə söyüş qoydular ki, “1 qramdır, 234.1 maddəsi ilə ittiham verəcəyik, sabah buraxılacaqsan”. Bilmirdim belə olacaq.

 

 

Mənim həbsim ictimai fəaliyyətimlə əlaqədardır. Xalqın sözünü dediyim, haqsızlığa qarşı çıxdığım üçün həbs olunmuşam”, – Elvin Mustafayev məhkəmədəki çıxışında bildirib.

 

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası Elvin Mustafayevin həbsini əsassız və qanunsuz hesab edir:

 

 

“Elvin Mustafayev heç bir cinayət əməli törətməyib, işçi hüquqlarının qorunması istiqamətində fəaliyyətinə görə həbs olunub. Biz bu həbsi qınayırıq, tələb edirik ki, Elvin Mustafayev azad olunsun və ona bəraət verilsin”, – Konfederasiyanın idarə heyətinin üzvü Sara Rəhimova vurğulayıb.

 

 

Bu il avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasında və Kuryer Birliyi Həmkarlar İttifaqında həbslər başlayıb. İlk olaraq “İşçi Masası”nın sədri Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzası alıb. Avqustun 4-də Elvin Mustafayev, avqustun 10-da “İşçi Masası”nın İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar. İnzibati həbsdən çıxan Afiəddin Məmmədov bir müddət sonra tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq yenidən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

 

 

Fəallar ittihamların qurama olduğunu və ictimai fəaliyyətlərinə görə şərlənərək həbs edildiklərini bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər