• 23 Noyabr 2024 21:03

Son iki gündə Yaponiya 155 dəfə silkələndi

 

Son iki gündə Yaponiyada 155 yeraltı təkan qeydə alınıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi açıqlama yayıb. Bu göstəriciyə yanvarın 1-də ölkənin mərkəzi hissəsindəki İşikava prefekturasının sahil sularında qeydə alınan 7,6 bal gücündə dağıdıcı zəlzələ də daxildir.

Yaponiya mediasının məlumatına görə, episentri prefekturanın Noto yarımadası yaxınlığında olan zəlzələ nəticəsində ölənlərin sayı 57-yə çatıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Təbii fəlakət bölgəsində xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Zəlzələnin infrastruktura vurduğu zərərə görə 16 şəhərin su təchizatı dayanıb. İçməli su sakinlərə nəqliyyat vasitələri ilə çatdırılır.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Agentlik yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanların ola biləcəyini açıqlayıb. Agentlik vətəndaşlara ehtiyatlı olmağı, sahil və çaylardan uzaq durmağı, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyəni tövsiyə edir. Suzu şəhərində evlərin 90 faizi zərər görüb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına və axtarış-xilasetmə işlərinə Yaponiya özünümüdafiə qüvvələrinin şəxsi heyəti də cəlb olunub. Yanvarın 2-də Tokionun “Haneda” beynəlxalq hava limanında sərnişin təyyarəsi ilə toqquşan və 5 ekipaj üzvü həlak olan Yaponiya özünümüdafiə qüvvələrinin sahil mühafizə bölmələrinə məxsus təyyarə də zəlzələ bölgəsinə lazımi ləvazimatları çatdırmaq üçün uçuşa hazırlaşmışdı.

Tacxeber.com

Oxşar xəbərlər