• 25 Noyabr 2024 17:22

2023-cü il Azərbaycan iqtisadiyyatı üçün necə keçdi? 

Qısaca belə deyək ki, sabah bayram əhval-ruhiyyəsini korlamamaq üçün bu mövzudan bugün danışsaq yaxşıdır .

 

Bir ölkənin iqtisadiyyatındakı vəziyyəti qiymətləndirmək üçün ən vacib indiqator ÜDM-in artım göstəricisidir. Rəsmi rəqəmlərə görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda ÜDM artımı cəmi 0.8 faiz oldu. Adambaşına düşən ÜDM məbləğindəki artım isə daha aşağı – 0.2 faizdir. Yəni, bu il ölkə iqtisadiyyatı faktiki olaraq yerində saydı. 2020-ci ildəki ÜDM azalmasını (pandemiyaya görə) nəzərə almasaq, bu, 2017-ci ildən bəri Azərbaycanda qeydə alınan ən aşağı ÜDM artımıdır.

 

Aşağı artım tempinin iki əsas səbəbi var. Bunlardan biri ölkədə neft hasilatının azalmasıdır. Digər tərəfdən, ölkədə qeyri-neft sektorunun artım tempi də xeyli aşağı düşdü. Məsələn, 2022-ci ilin ilk 11 ayında ölkədə qeyri-neft ÜDM 9.2% artmışdı. Bu il eyni göstərici 3.2% olub. Yəni, neft hasilatının azaldığı şəraitdə qeyri-neft sektorundakı böyümənin də aşağı düşməsi sonda aşağı artım tempinə səbəb oldu.

 

İqtisadi vəziyyəti qiymətləndirmək baxımından digər vacib göstərici olan inflyasiya sarıdan da durum ürəkaçan deyil. Düzdür, təxminən 22 aydan sonra inflyasiya birrəqəmli həddə endi, amma indiki inflyasiya göstəricisi (9.4%) də, inflyasiya ilə bağlı hədəf diapazonunun (2-6%) yuxarı həddindən 50%-dən çox yüksək olaraq qalır.

 

İqtisadi vəziyyəti qiymətləndirmək baxımından bir vacib rəqəm də işsizlik göstəricisidir. Lakin, Azərbaycanda bu göstərici əmək bazarındakı real durumu əks etdirmədiyindən ona əsaslanıb nəsə demək mümkün deyil. Gələn illə bağlı isə, bir çox beynəlxalq təşkilatların neft qiymətləri ilə bağlı proqnozları (80-90 dollar ətrafı) onu deməyə əsas verir ki, gələn il fors major bir hal baş verməsə enerji qiymətləri hesabına hökumətin büdcə öhdəliklərinin icrasında problem yaranmayacaq. Amma, yüksək artım tempi üçün artıq sadəcə neft qiymətləri bəs deyil. (Çəpəki)

Tacxeber.com

Oxşar xəbərlər