• 10 Noyabr 2024 10:59

“İnsanlar düşünür ki, varlılar gecə-gündüz qara kürü yeyir” – Psixoloqdan maraqlı AÇIQLAMA

 

“İnsanlar düşünür ki, varlılar gecə-gündüz qara kürü yeyir” – Psixoloqdan maraqlı  AÇIQLAMA

Son illər bir sıra insanlarda “brend xəstəliyi” yaranmağa başlayıb. Adətən, bir adı üzərlərində daşımaq üçün insanlar, demək olar ki, bütün var-dövlətlərini bu brendlərə xərcləyirlər.

Hətta vəziyyət o həddədir ki, “mənim son model “iPhone”um var” deyə bilmək üçün bəzi insanlar olan-qalan pulunu xərcləyir, pulu olmayanda isə kreditlə də olsa, gedib o telefonu almağa çalışırlar ki, bunu ətrafa sübut etməyə nail olsunlar.

Maraqlıdır, niyə insanlar brendlərə bu qədər önəm verirlər? Bunun psixoloji səbəbləri nədir?

“Yeni Sabah”la söhbətində tanınmış psixoloq Samirə Bağırova bu “xəstəlik” barəsində danışıb:

“İlk başda brend sözünün mənasına baxaq. Brend sözü qədim Skandinaviya sözü olan “brendr” sözündən əmələ gəlib, tərcüməsi “yandırmaq, damğalamaq” deməkdir. Bu, inəklərin, uzunqulaqların bədəninə vurulan damğa kimi istifadə olunurdu, sahibləri öz mal-qaralarını brendr vasitəsilə işarələyirdilər. Bu şəkildə brendrlə işarələnmiş mal-qaralarını topludan ayırır və digər sürüyə qarışmasının qarşısını alırdılar”.

Onun sözlərinə görə, sürü psixologiyasına gəlincə, bu da eyni məna daşıyır, sadəcə, ticarət markasına çevrilərək:

“Brendin altında yatan məna “mən digərlərdən seçilirəm” deməkdir. Əsasən, kompleksli insanlarda diqqət əskikliyi və özgüvənsizlik brend geyim, yaxud müxtəlif əşyalar, eləcə də akssesuarlarla özünü digərlərinə şüuraltı sübut etmək cəhdidir. Nəticə etibarilə, brend və brend olmayan məhsullar eyni funksiyanı daşıyır”.

S. Bağırovaya görə, əsas məsələ keyfiyyət və zövqdədir:

“Yəni bu varlı-kasıb məsələsi də deyil. Varlılar da kateqoriyalara bölünürlər. Çox imkana sahib, lakin brendə üstünlük verməyənlər, eyni imkana sahib, amma yalnız brend geyinənlər buraya aiddir. Varlı olmaq o demək deyil ki, o adam cahil ola bilməz. Məsələ insanın psixoloji vəziyyəti ilə əlaqəlidir. Təbii ki, üst təbəqələrin davranışı, geyimləri digər təbəqələrə də təsirsiz keçmir. Məsələn, bir çoxları düşünür ki, varlı olan insan gecə-gündüz qara kürü yeyir, hərçənd vegeterian, yaxud hər zaman dietada olanlar da az deyil. Kimisi sağlamlığını, vücudunu, komfortunu düşünür, kimisi də çevrəyə özünü sübut etmək üçün yaşayır.

Bir dəfə telefon dükanında idim, aylıq maaşı 500 manat olan gənc ailə kreditə “iPhone” götürmək üçün növbəyə dayanmışdı. Bir saat ərzində 7-8 nəfərə yaxın, çox az maaşlı insanlar “iPhone” əldə etmək üçün səbirsizlənirdilər. Buna sürü psixologiyası deyilir. Hər zaman olduğu kimi, hər hansı fikri, yaxud məhsulu kütləyə yeritmək üçün məşhurlardan, eləcə də üst təbəqələrdən reklam kimi istifadə olunur. Mövzuya uyğun olaraq Mövlanə Cəlaləddin Ruminin sözü yerinə düşər: “Necə insanlar gördüm. əynində geyimi yox, necə geyimlər gördüm, içində insan yox”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər