• 22 Sentyabr 2024 14:23

Turizm Agentliyi 150 nəfər qonaq üçün 6 ton balıq, 5 ton qovurma, 3 ton araq alır

Azərbaycan Dövlət Turizm Agentliyi Qərbi Azərbaycan Mətbəxi ilə bağlı tədbirin təşkili üçün tender müsabiqəsi elan edib.

 

Tender müsabiqəsində iştirak etmək istəyənlər sənədlərini yanvar ayının 24-ə kimi təqdim etməlidirlər. Tender təklifləri isə fevral ayının 1-nə kimi davam edəcək. Qalib şirkətin adı fevral ayının 2-də elan olunacaq.

 

Məlumat üçün bildirək ki, tender elanında tədbirin 150 nəfər üçün nəzərdə tutulduğu qeyd edilir.

 

Bildirilir ki, ümumi sahəsi 350 kv. metr olacaq zalda 15 ədədə 10 nəfərlik dairəvi masalar olmalıdır. Saat 12:00-dan 24:00-dək davam edəcək tədbirdə 150 nəfər qonağa 15 ofisiant xidmət göstərməlidir.

 

Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, 150 nəfər qonaq üçün böyük miqdarda ərzaq məhsullarının alınması nəzərdə tutulub.

 

Belə ki, 150 nəfər üçün 3 000 litr ərik arağı nəzərdə tutulub. Bu isə o deməkdir ki, hər bir qonaq tədbirin keçiriləcəyi 12 saat ərzində orta hesabla 20 litr araq içməlidir.

 

Bundan başqa, 150 nəfər qonağın iştirak edəcəyi tədbir üçün aşağıdakı ərzaq məhsullarının alınması da nəzərdə tutulur:

Kərə yağı – 2 400 kq

Qaymaq – 1 500 kq

Badam ləpəsi – 2 500 kq

Balıq (qızıl balıq file) – 6 000 kq

Qovurma (Naxçıvan) – 5 000 kq

Qurut – 1 500 kq

Dana əti – 1 700 kq

Düyü (uzun) – 1 000 kq

Düyü (yumuru) – 600 kq

Şabalıd – 2 300 kq

Sarıkök – 2 000 kq

Qoz ləpəsi – 3 500 kq

Fındıq ləpəsi – 3 500 kq

Doşab – 1 500 kq

Qarpız turşusu – 1 000 kq

Pomidor mürəbbəsi – 2 500 kq

Badımcan mürəbbəsi – 2 500 kq.

 

***

 

Dövlət Turizm Agentliyi tenderlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Dövlət Turizm Agentliyi olaraq bildiririk ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub.

 

Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb.

 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas prinsiplərindən biri daim ictimaiyyətə və mediaya açıq olmaqdır. Hər zaman olduğu kimi, bir daha media nümayəndələrindən Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş və tövsiyə edirik”. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər