Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın baş verib. Faciə nəticəsində xəstəxanada müalicə alan 4 körpə yanaraq həyatını itirib. Hadisə bir çox insanların qınağına səbəb olub. Maraqlıdır, analoji halların qarşısını almaq üçün səhiyyə müəssisələrində hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Ekspertlər yanğın hadisələrində bir sıra vacib məqamlara diqqət çəkirlər.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan MusayevYenisabah.az-a bildirib ki, səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunmasına dair bir sıra qaydalar mövcuddur:
“Ölkəmizdə və səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə əlaqədar bütün növ tədbirlər bu qaydaların tələbləri əsasında aparılmalıdır. Klinika, poliklinika, doğum evləri, xəstəxanalar və digər səhiyyə müəssisələri mütləq bu qaydaların tələbləri əsasında fəaliyyət göstərməlidirlər. Burada əsas məsələ yanğına ilkin mərhələdə müdaxilə etməkdir. Bu olarsa, yanğın hadisəsinin qarşısını başlanğıc mərhələdə almaq mümkündür. Beləliklə, həm insan sağlamlığına, ətraf mühitə və əmlaka dəyən zərəri minimuma endirmək olar. Əgər ilkin mərhələdə yanğına müdaxilə olunmursa, hadisə daha da şiddətlənir. Bu zaman yalnız aidiyyatı dövlət qurumlarının əraziyə cəlb olunması ilə yanğın söndürülür”.
Mütəxəssis bu kimi hadisələrdə əsas məqamın xəstələrin təxliyyəsi olduğunu vurğulayıb:
“İlkin mərhələdə yanğına müdaxilə etmək üçün səhiyyə müəssisələrində bir sıra avadanlıqlar olmalıdır. Bunlara odsöndürən balon, yanğın su xətləri və qum şitləri daxildir. Hər bir obyektdə, xüsusilə xəstəxanalarda yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmalıdır və 15 nəfərdən çox işçi heyəti olan xəstəxanalarda könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Onlar həm gecə, həm də gündüz növbəsi üçün təşkil olunmalıdır. Hər hansı yanğın hadisəsi baş verdiyi zaman, həmin dəstələr iki qrupa bölünməlidir. Yanğın zamanı ən əsas məsələ xəstələrin təhlükəsiz bir formada təxliyə edilməsidir. Ona görə də, yanğınsöndürmə dəstələrinin bir qrupu xəstələrin təxliyə prosesini həyata keçirməlidir. Digər bir qrup isə yanğının söndürülməsi ilə məşğul olmalıdır. Həmçinin, gündüz və gecə növbəsində olan dəstələr hər gün otaqları yoxlamalı, yanğına şərait yaradacaq amilləri cavabdeh şəxslərə bildirməlidirlər”.
Orxan Musayev analoji hallara müəssisə rəhbərliyinin cavabdeh olduğunu da qeyd edib:
“Hər bir işçi səhiyyə qurumunda fəaliyyətə başlamazdan öncə yanğın təhlükəsizliyi ilə bağlı qaydalarla tanış olmalı, 6 ayda bir dəfə bu mövzu üzrə keçirilən təlimlərdə iştirak etməlidir. Müəssisə rəhbərliyi bu kimi məsələlərdə çox böyük cavabdehlik daşıyır. Xəstəxanada hansısa yanğın hadisəsi yaşanarsa, bu zaman ən böyük məsuliyyət xəstəxana rəhbərinin üzərinə düşür”.
Təhlükəsizlik eksperti Elmar Nuraliyev isə yanğın hadisələrinin ən çox baş vermə səbəbləri barədə danışıb:
“Yanğınların müxtəlif baş vermə səbəbləri var. Bunlara bərk materialların, maye, qaz halında partlamağa meyilli olan maddələrin alışıb-yanması və qısaqapanma halları aiddir. Elektrik xətlərində qısaqapanma səbəbindən baş verən yanğınların sayı digərlərinə nisbətən çoxluq təşkil edir. Ona görə də, bütün obyekt və müəssisələrdə, həmçinin xəstəxanalarda elektrik təsərrüfatının saz vəziyyətdə olmasına diqqət edilməlidir. Akreditasiyadan keçən elektrik müəssisələri tərəfindən elektrik naqillərinin hansı vəziyyətdə olması ilə bağlı yoxlamalar həyata keçirilməlidir. Sınaq protokolları tərtib edilməli, elektrik cihazları olan otaqlarda normativ tələblərin qorunub-saxlanılmasına əməl olunmalıdır. Elektrik şəbəkəsinə qoşulan cihazlara mütləq şəkildə nəzarət etmək lazımdır. Eləcə də, bu cihazların istifadəsi zamanı yanmayan altlıqlara üstünlük vermək daha məqsədə uyğundur. Elektrik xətlərində baş verən qısaqapanmalar səbəbindən meydana gələn yanğın hadisələrinin sayı olduqca çoxdur. Bunu statistikaya baxanda da aydın şəkildə görmək olur. Həmçinin, tez alışan maddələri də elektrik qurğularına yaxın olaraq yerləşdirmək olmaz. Bu səbəbdən elektrik avadanlıqlarının istifadəsinə qoyulan tələblərə ciddi riayət etmək lazımdır ki, hər hansı bədbəxt hadisə yaşanmasın”.