Rusiyada gənclər orduya zorla aparılır – Hesabat
2023-cü ilin payız hərbi çağırışı rusların hüquqlarının pozulmasına görə rekordlar qırdı və ölkənin bütün müasir tarixində ən sərt mövsüm oldu.
Bu barədə Rusiyada çağırışdan yayınmaq istəyən vətəndaşlara yardım edən “Meşə ilə gedin” (“İdite lesom”) layihəsi məlumat verib.
Layihənin təqdim etdiyi statistikada qeyd olunub ki, oktyabrın 1-dən dekabrın 31-dək təhlükəsizlik qüvvələri hərbi mükəlləfiyyətli kişilərə qarşı 90 reyd keçirib.
Küçədə, metroda, ticarət mərkəzlərində, klublarda, yataqxanalarda insanlar saxlanılıb. Eyni zamanda bir çoxu səhhətində problem və digər amillərlə bağlı sənədlər nəzərə alınmadan xidmət üçün qeydiyyata alınıb. Bununla bağlı ən azı 65 hal var. Məsələn, astma xəstəliyindən əziyyət çəkən və işəgötürən tərəfindən möhlət almış İT mütəxəssislərindən biri saxlanılıb və bir neçə saat sonra toplanış məntəqəsinə göndərilib.
Digər kömək çağırışında isə qeyd olunub ki, 21 yaşlı gənci düz evinin girişində ələ keçiriblər. Onun telefonunu və pasportunu əlindən alıblar, daha sonra cinayət işi ilə hədələyərək hərbi çağırış vərəqini imzalamağa məcbur etdikdən sonra toplanış məntəqəsinə göndəriblər. Ertəsi gün tibbi müayinədən keçdikdən sonra dərhal hərbi hissəyə aparılıb.
Layihə həmçinin qeyd edib ki, hərbi komissarlıqlarda 109 zor gücünə saxlama halları qeydə alınıb.
Məsələn, noyabrın 24-də Moskvadakı universitetlərinin birinin tələbəsi magistratura təhsilini təsdiqləyən sənədi təqdim etmək üçün hərbi komissarlığa gəlib. 25 yaşlı gənc geri buraxılmayıb və çağırış vərəqəsini imzalamaqdan imtina etməsinə baxmayaraq, səhəri gün axşama qədər komissarlıqda saxlanılıb. Daha sonra onun qollarına qandal taxaraq toplanış məntəqəsinə aparıblar.
Payız çağırışı müddətində “Meşə ilə gedin” 2981 çağırışçıya hüquqi, psixoloji və konsultasiya yardımı edib. Eləcə də layihə Ukrayna ilə müharibədə iştiraka məcbur edilən 15 çağırışçıdan şikayət məktubu alıb.