Respublikaçıların 49 faizi Trampı dəstəkləyir
Amerikanın keçmiş lideri Donald Trampın ABŞ-nin ən yüksək hökumət postuna Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsini onun ölkədəki tərəfdarlarının 49%-i dəstəkləyir.
Bu göstərici çərşənbə günü “Reuters” agentliyi və “Ipsos” xidmətinin birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən ortaya çıxıb.
Bu məlumatlara görə, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heylini respondentlərin 12 faizi, Florida qubernatoru Ron DeSantisi 11 faizi, iş adamı Vivek Ramasvamini 4 faizi, Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristini isə 4 faizi dəstəkləyib. Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya sorğuya cavab verməyib.
Sorğu yanvarın 3-dən yanvarın 9-dək Respublikaçılar Partiyasının tərəfdarı olduqlarını bildirən bütün ölkə üzrə 1900-dən çox amerikalı arasında aparılıb. Sorğunun sualları onlara onlayn şəkildə ünvanlanıb.
Qeyd edək ki, Kris Kristi artıq seçki yarışını dayandırdığını elan edib.