Köhnə avtomobilləri kimlər təhvil alacaq və qiymət necə hesablanacaq? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, daxili işlər naziri Vilayət Eyvazov “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.
Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.
Belə ki, Azərbaycana gətirilən avtomobilin yaşı 4-7 aralığındadırsa, 400 manat, 7 ildən yuxarıdırsa, 700 manat utilizasiya haqqı ödəyəcəksiniz. İstismarı 3 ilədək olan avtomobillərə görə isə ödəniş tələb olunmur.
Xaricdən maşın alanlarla yanaşı, artıq ölkədə avtomobili olanlar da utilizasiya haqqı ödəyəcək. Yaşına görə avtomobillərdən tutulacaq utilizasiya haqqı isə belədir:
1-10 il üçün 10 manat, 11-21 illik 20 manat, 21-31 il üçün 30 manat, 31 ildən çox yaşı olan avtomobillər üçün isə 40 manat.
Yığılan ödənişlər Utilizasiya Fondunda cəmləşəcək. Fonddakı pul isə köhnə maşınların təhvili müqabilində olan ödənişlərə gedəcək.Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Bəs bu proses necə gedir? Köhnə avtomobilləri kimlər təhvil alır və qiymət nəyə görə hesablanır?
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu barədə hələ dəqiq məlumat yoxdur:
“Bəli, ödənişin nə üçün alınacağı, hansı fondda yığılacağı və nəyə istifadə olunacağı kimi ümumi qaydanı bilirik. Lakin kimin avtomobili alacağı, bu zaman maşının ilinin, texniki xüsusiyyətlərinin, yoxsa görünüşünün əsas götürüləcəyi barədə məlumat yoxdur. Yəqin ki, yanvarın sonu, ya da fevralın əvvəli bu suallara cavab tapa biləcəyik”.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində avtomobillərin utilizasiyasının yaşı müxtəlif illəri əhatə edir. Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən biraz çoxdur. ABŞ-də avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir.
Avropa və ABŞ-də köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir. Məsələn, Avropa İttifaqının direktivinə əsasən, İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. Məsələn, “Mercedes-Benz” şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur.
Fransada hər 1,5 milyon nəfər əhali üçün minimum 7 utilizasiya məntəqəsi olmalıdır. Avtomobili vaxtında utilizasiyaya verməməyə görə burada yüksək cərimələr, hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Niderlandda isə ölkədə 96,2 faizi təkrar emala yararlı olmayan avtomobillərin istismarı qadağan edilib. (Sfera)