• 22 Sentyabr 2024 18:34

“Fəxri adlar ləğv olunmalıdır, incəsənətə zərər vurur” – Bəstəkar

“Fəxri adlar ləğv olunmalıdır, incəsənətə zərər vurur” – Bəstəkar

“Fəxri adlar boş şeydir. Mən hər müsahibəmdə deyirəm: gərək hökumət onu ümumiyyətlə ləğv etsin. Nə Avropada, nə Amerikada var. İnkişaf etmiş ölkələrin heç birində fəxri ad yoxdur. Nə İranda, nə Ərəbistanda var. Yalnız bolşeviklər, kommunistlər olan bəzi ölkələrdə olub, vəssalam. Mənasız bir şeydir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev “Yeni Müsavat”a açıqlamasında deyib.

O, fəxri adların ləğv edilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Stalinin vaxtında icad olunan, sənətkarları boyunduruqda saxlamaq üçün kəşf olunan üsullardan biri olub. Fəxri adlar, ordenlər, təltiflər və s.

Fəxri adlar ləğv olunmalıdır. Çünki sənətçilər də əsəbiləşir, iki dostun birinə fəxri ad verirlər, o birinə vermirlər, nəticədə dostlar bir-birinə düşmən olur”.

Bəstəkar qeyd edib ki, bu cür adlar incəsənətin inkişafına mənfi təsir edir:

“Ən əsası, fəxri adlar incəsənətin inkişafına ziyan vurur. Tutaq ki, Xalq artisti adı aldı, onu alandan sonra bütün sənətkarların, yazıçıların ən yaxşı əsəri artıq arxada qalır. Bütün yadınıza düşən sənət adamlarının yüksək fəxri ad alana qədər yaradıcılıqlarına və alandan sonrakı yaradıcılıqlarına diqqət edin. Görəcəksiniz ki, ən yaxşı əsərini, ən yaxşı rolunu, ən yaxşı kitabını ona qədər yazıb.

Məsələn, sənətçi 45-50 yaşında Xalq artisti olur, hələ ömrü uzundur, məsələn, qarşıda 20-30 ili var, həmin illərin içində heç bir şey etmir. Yəni etdiklərinin keyfiyyəti belə ondan əvvəlkilərdən aşağı olur. Çünki o fəxri adı aldı və düşündü ki, vəssalam, bundan o tərəfi, bundan böyüyü yoxdur. Yəni insan yaradıcılıq baxımından rahat olur.

Bu cəmiyyətdə sənətkarların çoxu gəncliyindən fəxri ada köklənərək yaşayır. İşini, yaradıcılığını, hər şeyini ona yönəldir ki, mən o adları, o ordenləri alım. Hökumət konsertlərinə çıxırlar, hökumətin bütün tədbirlərinə gedirlər, aktiv olmaq istəyirlər ki, onları görsünlər, dəyərləndirsinlər və o adları, medalları onlara versinlər. Onları da alıb bitirəndən sonra deyir ki, vəssalam, mənim daha nə işim var. Nə konsertə gedir, nə də əvvəlki kimi aktiv olur, yaradıcılığı da geriləyir. Bu o deməkdir ki, fəxri adlar institutu Azərbaycanda incəsənətə zərər vurur”.

Tacxeber.com

Oxşar xəbərlər