Həm xəstələr, həm də həkimlər gözləyir: Hansı dərmanlar pulsuz veriləcək?
Azərbaycanda ambulator müalicə alanların dərmanla təminatına başlanılacaq. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. Agentlik sədri vurğulayıb ki, ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Yəni vətəndaşlar pulsuz müayinə ilə yanaşı, dərmanlarını da apteklərdən dövlət hesabına təmin edə biləcəklər. Bəs mexanizm necə olacaq? İlk hansı dərmanların təminatına başlanılacaq?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Kaspi” qəzetinə verilən məlumata görə, tibbi sığorta çərçivəsində ambulator müalicədə resept əsasında yazılan ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı dərman vasitələrinin mərhələli şəkildə təminatı nəzərdə tutulub. Proses hazırda layihə şəklində hazırlanıb, razılaşdırılma üçün aidiyyəti qurumlara təqdim edilib. Həmçinin vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması, dərman vasitələrinin pozitiv siyahısının hazırlanması nəzərdə tutulub.
Maraqlıdır, dəfələrlə dərman qiymətlərindən şikayətləndiyimiz apteklər bu mexanizmə hazırdırlarmı?
Vacib dərmanların əksəriyyətini özümüz istehsal edəcəyik
Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyev deyir ki, bu xidməti yüksək səviyyədə yerinə yetirmək üçün dövlətin imkanları var: “Artıq o mərhələ çatıb ki, ödənişsiz dərman təchizatını təmin edək. Gələcəkdə böyük çeşid dərman istehsalı planlaşdırılır. Düşünürəm ki, vacib dərmanlar siyahısının 80-90 faizini Azərbaycan özü istehsal edəcək və dövriyyəyə buraxacaq”.
Prosesin necə olacağına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, xidməti bütün apteklər verməyəcək: “Dövlət təminatı varsa, özəl və dövlət münasibətləri formalaşırsa, orada hansısa razılaşdılırmış qaydalar olmalıdır. Dövlətin təyin etdiyi xüsusi dərman siyahıları ola bilər və dərmanlar da protokollar əsasında təyin edilə bilər”.
Burada xəstəyə dərman siyahısı təqdim edilmir
Bəs xarici təcrübə necədir? Ambulator müalicə alanlar pulsuz dərmanlardan necə faydalanırlar?
Türkiyədə çalışan ortopediya və travmatologiya mütəxəssisi, uzman həkim İdrak Məmmədov deyir ki, bu ölkədə insanlar sığorta vəziyyətinə görə 3 qrupa bölünürlər. Onların böyük qismi dövlət sığortalı, bir qismi özəl sığortalı, digərləri isə sığortasız olur. Amma bu bölgü uşaqlara aid deyil. Qardaş ölkədə bütün uşaqlar dövlət sığortalıdır: “Dövlət sığortalı xəstənin də istər özəl, istər dövlət tibb müəssisəsində xəstəxanaya daxil olma şərti eynidir. Burada uzun illərdir ki, elektron reseptlər yazılır. Reseptdə elektron imza olmasa, keçərli deyil. Üstəlik, xəstəyə bizdəki kimi dərman siyahısı yazılıb təqdim edilmir. Ona ancaq resept barkodu, şifrə təqdim olunur. Bu şifrə sistemdə görünür. Əgər xəstənin telefon nömrəsi də SGK (Sosial Güvənlik Kurumu) tərəfindən təsdiqlənibsə, xəstəyə bununla bağlı mesaj gedir. Xəstə bu şifrə ilə aptekə gedir, şəxsiyyət vəsiqəsi ilə dərmanlarını alır”.
Dərmanın qiyməti 200 manatdırsa, xəstə 20 manat ödəyir