• 24 Noyabr 2024 03:23

Ekspert: “Rəhbərlər növbəti il daha az büdcə ayrılmasın deyə, ilin sonunda bütün büdcə vəsaitlərini xərcləməkdə maraqlı olurlar”

Təkcə dekabrda 216 milyondan çox büdcə vəsaiti tendersiz istifadə olunub

 

2023-cü ilin dekabrında noyabrla müqayisədə dövlət satınalmalarının sayında kütləvi artım müşahidə edilib.

 

İqtisadçıların dövlət satınalmalarının rəsmi saytına istinadən apardıqları analizlərə görə, ilin son iki ayı ərzində ümumilikdə maya dəyəri 3.234.288.254,051 manat olan 2144 tender müqaviləsi imzalanıb.

 

Noyabrda “Bir mənbə” metodu ilə maya dəyəri 30.451.668,43 manat olan 58 müqavilə, dekabrda maya dəyəri 216.347.677,96 manat olan 168 satınalma müqaviləsi imzalanıb.

 

Noyabrda “Bir mənbə” metodu ilə maya dəyəri 30.451.668,43 manat olan 58 müqavilə, dekabrda maya dəyəri 216.347.677,96 manat olan 168 satınalma müqaviləsi imzalanıb.

 

Noyabrda “Təkliflər sorğusu” üsulu ilə maya dəyəri 14.991.245,32 manat olan 24 müqavilə, dekabrda maya dəyəri 153.939.190,68 manat olan 57 satınalma müqaviləsi imzalanıb.

 

Noyabrda “Kotirovka sorğusu” metodu ilə maya dəyəri 4.992.047,19 manat olan 255 müqavilə, dekabrda maya dəyəri 905.351.457,76 manat olan 475 satınalma müqaviləsi imzalanıb.

 

Bununla bərabər, açıq tenderlərin sayında da artım müşahidə edilib. Belə ki, noyabrda “Açıq tender” metodu ilə maya dəyəri 325.392.118,47 manat olan 408 müqavilə, dekabrda maya dəyəri 1.582.822.848.241 manat olan 700 satınalma müqaviləsi imzalanıb.

 

Dekabrda imzalanan satınalma müqavilələrinin 350-yə qədəri ayın son 3 günündə imzalanıb.

 

İlin son 2 ayında “Bir mənbə” metodu ilə ən çox satınalma müqaviləsi imzalayan büdcə qrupunun üzvləri bunlardır:

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi – 11.507.390,21 manat dəyərində 26 müqavilə;

 

Fövqəladə Hallar Nazirliyinin Maddi-texniki Təhcizat İdarəsi – 4.918.035,73 manat dəyərində 17 müqavilə;

Qarabağ Dirçəliş Fondu – 1.557.477,47 manat dəyərində 8 müqavilə.

 

İmzalanan müqavilələr arasında “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması halı da var. Belə ki, “Tərtər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs və “Modev” Məhdud Məsuliyyətli Cəmiyyət arasında “Sair torpaq, tikili avadanlıqlarının alınması” xidmətini nəzərdə tutan, maya dəyəri 105.289 manat olan kotirovka üsulu ilə təyin edilmiş satınalma müqaviləsi imzalanıb.

 

“Dövlət satınalmaları haqqında” Qanunun 44.3-cü maddəsində qeyd olunur ki, ehtimal edilən qiymət 100.000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən cavab almaq mümkün olmayıb. “Tərtər rayon Mərkəzi Xəstəxanası”ndan isə suallarımızı cavablandırmayıblar.

 

İqtisadçı ekspert Elçin Rəşid deyir ki, qurumlar tərəfindən büdcə vəsaitinin ilin sonunda tam istifadə olunması büdcə idarəetməsinin əsas çatışmazlığıdır.

 

Onun fikrincə, büdcə qruplarının rəhbərləri ilin sonunda maraqlı olurlar ki, onlara ayrılan büdcə vəsaiti tam xərclənsin:

“Çünki düşünürlər ki, məsələn, 80 faiz xərclənsə, 20 faiz qənaət edilsin, artıq növbəti il dövlət büdcəsi bölüşdürüləndə Maliyyə Nazirliyi onlar üçün daha az maliyyə nəzərdə tuta bilər. Çünki Maliyyə Nazirliyi belə vəziyyətlərdə pulu daha çox ehtiyacı olan qurumlara yönəltməkdə maraqlı olur. Təbii, burada korrupsiya elementləri də ola bilər. Ancaq korrupsiya olanda bütün büdcə vəsaitləri ilə bağlı olur”, – deyə o bildirib.

 

Ekspert deyir ki, bu problem bütün şirkətləri əhatə edir, hətta dünyanın başqa ölkələrində də aktualdır. Ancaq bununla mübarizə aparmaq mümkündür:

“Bu, korporativ idarəetməsi zəif olan özəl şirkətlərdə də belədir. Şirkətin rəhbəri büdcə xərclərini şişirdir ki, şirkətdə pay sahibi olan sahibkarlar növbəti il daha çox vəsait nəzərdə tutsunlar. Dünyada da bu var və bununla bağlı mürəkkəb mübarizə üsulları mövcuddur. Ən önəmlisi isə xərclərin əsaslandırılmasıdır. Tez-tez auditlər aparıb artıq xərcləri kənarlaşdırmaq mümkündür. Eyni zamanda, nəticəyə yönəlik maliyyələşdirmə sistemi olur”, – deyə ekspert bildirib. (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər