• 21 Sentyabr 2024 01:42

Biznes üçün hazır səhifə almaq məsləhət görülmür – SƏBƏB

 

İzləyicisi çox olan sosial şəbəkə səhifələrinin satışı ilə bağlı elanları çox görürük. Bu elanlarda bildirilir ki, izləyici kütləsi çoxdur, biznesiniz üçün faydalı olacaq. Bəzən isə iş adamları bu səhifələri almaqda tərəddüd edirlər. Müəyyən izləyici kütləsi olan səhifələri biznesimiz üçün alaq, yoxsa sıfırdan izləyici kütləsi toplayaq?

Bu barədə Valyuta.az-a danışan rəqəmsal marketoloq Mirsəid Hüsülü deyir ki, sıfırdan bizə lazım olan səhifə izləyicisi toplamaq daha məqsədəuyğundur: “Deyək ki, izləyicisi olan səhifə aldıq. O səhifəni izləyən şəxs o səhifənin paylaşımına görə izləyib. Siz isə eyni istiqamətdə paylaşım etməyəcəksinizsə, deməli, hər gün müəyyən qədər izləyici itiriləcək. Çünki, səhifənin kontentindən asılı olaraq izləyici kütləsi də dəyişir. İzləyicini cəlb edən kontent dəyişilirsə, şəxslər sizi izləməyi dayandıracaq”.

H.Mirsəid qeyd edib ki, əgər insanlar öz şəxsi bizneslərini qurub inkişaf etdirmək istəyirsə, ilk olaraq səhifəni yaratmalı, məlumatları yerləşdirməli, maraqlı kontentlər hazırlamalıdırlar: “Videoblogerlər vasitəsilə səhifəni reklam etmək və ayrıca bir şəxsi yalnız çəkiliş üçün işə götürmək olar. Fərqli kontentdə izləyicisi olan səhifəni alıb biznes səhifəsinə çevirmək sıfırdan səhifə yaratmaqdan daha çətindir. Bu zaman izləyici sayısı kəskin azalacaq və siz yenidən sıfırdan izləyici toplamağa başlayacaqsınız. Kəskin izləyici itirmək səbəbinə görə sizin səhifəniz “kəşf et” blokuna düşə bilər”.

Rəqəmsal marketoloq deyir ki, satılan səhifələrdə dələduzluq faktorları halı da çox olur: “Bəzi şəxslər var ki, izləyici kütləsi 100 000-dən çox olanı səhifəni 100 manata satışa çıxarır. Amma bu yüz manatlıq səhifə deyil, çünki, ortalama olaraq bir paylaşımı 5000 bəyənmə toplayan səhifə yüz manata satışa çıxarılmaz, daha baha satılar. Şəxs görür ki, 100 000 izləyicisi olan səhifə 100 manatadır, deyir tez alım. 100 manatı siz onun kartına göndərəndən sonra sizi blok edirlər. Buna görə də səhifə alınan zaman mütəxəssis ilə birgə alınmalıdır. Çünki mütəxəssis işi bilir, belə dələduzluq hallarına qarşı məlumatlara sahibdir. Mütəxəssis yaxşı bilir ki, bu sektorda səhifə satan neçə nəfər var və real satan şəxslər kimlərdir”.

Tacxeber.com

Oxşar xəbərlər