• 25 Noyabr 2024 10:48

İbrahim Nehrəmli baş verən partlayışdan danışdı: “Tağı İbrahimov yerində bina tikəcəkdi…”

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli açıqlama verib.

 

Hacı İbrahim Qaynarinfo-ya açıqlamasında sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib:

“Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazığ Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi”.

 

Hacı İbrahim hadisənin baş verməsinin səbəbini də açıqlayıb:

“Hadisə qaz balonunun parlaması və boyaların üzərinə qığılcımın düşməsi nəticəsində baş verib. Birinci icarəyə verdiyimiz sexdə tüstülənmə başlayıb, alov maşının üzərinə düşüb. Daha sonra maşını itələyərək çölə çıxarsalar da, sonda hadisə baş verib. Bütün sexlərə cavabdeh şəxs Həmid idi. Biz qanun nəyi tələb edirsə, onu da etmişdik. Fövqəladə Hallar Nazirliyindən də sözügedən sexlərin fəaliyyəti üçün sənədlər alınıb. Hadisə zamanı Həmid də dünyasını dəyişib. Ordakı işlərə cavabdeh də Həmid idi. Bizlik bir şey yoxdur”.

 

Qeyd edək ki, bundan əvvəl Qaynarinfo sözügedən mebel sexinin Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olması barədə eksklüziv məlumat yayıb. Belə ki, Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodu “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlidir.

 

Onu da qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

 

Tacxeber.com

Oxşar xəbərlər