“Pakistan İranı darmadağın edəcək, Azərbaycan bu məsələdə…” – AÇIQLAMA
Pakistanla İran arasındakı gərginlik artmaqda davam edir. Yanvarın 16-da İranın Pakistana iki uşağın ölümü və üç nəfərin yaralanması ilə nəticələnən raket hücumundan sonra Pakistan və İran arasındakı diplomatik əlaqələr pozulma yolundadır. Belə ki, Pakistan hücumu pisləyib və Tehrandakı səfirini geri çağırıb. İranın Sistan və Bəlucistan vilayətində terrorçulara aviazərbələr endirib.
Məsələ daha da böyüyüb, genişmiqyaslı müharibəyə çevrilə bilərmi? Pakistan dost, İran isə qonşu dövlətdir. Bu məsələdə Azərbaycanın mövqeyi necə olmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, İran nəsə edirmiş kimi görüntü yaratmağa çalışır:
“İranın bu addımı anlaşılan deyil. Əgər bu gün cəzalandırılmalı biri varsa, bu Aralıq dənizində mövcud olan ABŞ-nin rəhbərlik etdiyi və Böyük Britaniyanın da daxil olduğu koalisiyadır. Çünki məhz Aralıq dənizindəki bu birləşmiş koalisiyanın donanması son günlərdə Yəməndə mövcud olan digər terrorçu qrup Husilərə qarşı hərbi əməliyyatlar keçiriblər. Buna adekvat cavab verə bilməyən İran isə Pakistanı vurur. Nəticədə, uşaqlar zərər çəkir. Əgər hədəf terrorçulardırsa, niyə körpələr ölür? Sınıq-salxaq, qeyri-dəqiq raketləri ilə hara gəldi atəş etməklə İran, guya, nəsə edirmiş kimi görüntü yaratmaq istəyir. Bu da nə İran ictimaiyyəti, nə də müsəlman dünyası tərəfindən qəbul olunur”.
Mütəxəssisin sözlərinə görə, əgər müharibə olarsa, Pakistan İranı darmadağın edər:
“Pakistan və İran arasında genişmiqyaslı müharibənin başlaması məsələsinə gəldikdə isə bu barədə Pakistanın tələsməyəcəyini düşünürəm. Lakin Pakistanın atacağı addımı İranın bundan sonrakı davranışları müəyyənləşdirəcək. Çünki bilirsiniz ki, Pakistan qırıcı təyyarəsi İran sərhədini keçərək bəzi terrorçu ünsürlərin sığınacaqlarını vurub. Yəni cavab dolayısı ilə verilib. Bundan sonra yenə də İran həddini aşan, bütün müsəlman dünyasını aldatmaq istəyən davranışlarına davam edər və bu cür təcavüz xarakterli hərəkətlərə yol verərsə, Pakistan buna çox sərt şəkildə qarşılıq verəcək.Pakistan ordusu İrandan dəfələrlə güclüdür. Əgər belə bir müharibə olsa, Pakistan İranı əzib keçər. İranın həm idarəetmə sahəsində ciddi problemləri var, həm də İranda yaşayan xalqların əksəriyyəti bu rejimi dəstəkləmir. Bir sözlə, heç bir vətəndaş molla rejimi üçün cəbhədə ölmək istəmir”.
Politoloq Azərbaycanın mövqeyi məsələsinə gəlincə isə bildirib ki, dövlətimiz qardaş Pakistanın yanındadır:
“Azərbaycan bu məsələdə Pakistanın verəcəyi qərarları gözləyəcək. Həm qardaş Türkiyə, həm də Azərbaycan həmişə Pakistana dəstək verib, əgər bir yardıma ehtiyac olacaqsa, bundan sonra da Pakistanın yanında olacaqlar. Lakin həm Azərbaycan, həm də bütövlükdə islam dünyası anlayır ki, müsəlman ölkələri arasında nifaq doğru deyil. Buna görə də Pakistan bu məsələyə görə böyük bir müharibə başlatmaq istəməyəcək”.
Məsələ ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev də fikirlərini Sfera.az ilə bölüşüb:
“Tehranın bu hərəkəti dünya ölkələrində olduqca həyacanla qarşılandı. Çünki İran bir gün əvvəl digər qonşusunun – İraqın da ərazisini bombalamışdı. İran tərəfi yaydığı bəyanatda İraqda həyata keçirdiyi bombardmanı Kirman terroruna cavab olaraq etdiyini bildirib. Pakistanda isə İsraillə işbirliyində olan və İrana qarşı təxribataları hazırlayan qrupların olduğunu və bombardmanın məhz onlara qarşı keçirildiyini açıqlayıb. Ancaq rəsmi Tehran nədənsə öldürülən günahsız insanlardan bəhs etməyib. Həm İraqa, həm də Pakistana hücum zamanı xeyli sayda günahsız insanların öldürülməsi barədə yerli hökumətlərin yaydığı məlumatlar var.
İranın son davranışları maraq doğurur. Əvvəlcə bunu sual verək ki, İran İraqdakı əməliyyatı niyə yerli kürd hökumətinin idarə etdiyi ərazidə keçirdi? Bu bölgə hazırda Barzani əşirətinin idarəsindədir. İranın qədimdən Barzanilərlə arasının soyuq olduğu bilinən bir gerçəkdir. Molla rejimi hələ də Molla Mustafa Barzaninin Sovet KQB – nin dəstəyi ilə “Mahabad Kürd Cumhuriyyəti” adlı dövlət qurmasını unutmayıb”.
Mütəxəssis qeyd edib ki, Barzanilər İranın Barzan bölgəsindəndir və İran kürdlərinin müstəqilliyində maraqlıdırlar. Buna görə də İran bu bölgədə Barzanilərə qarşı onların əsas rəqibi olan Talabani əşirətini dəstəkləyir:
“Hazırda bölgənin lideri Molla Mustafa Barzaninin oğlu Məsud Barzanidir. Yerli hökumətin rəhbəri isə Molla Mustafanın nəvəsi, Məsudun qardaşı oğlu Nəçirvan Barzanidir. Barzanilərin bölgədə ən yaxın olduğu ölkə Türkiyədir. Talabanilərin ən tanınmış lideri isə 2005-2014-cü illərdə İraq prezidenti olmuş Cəlal Talabanidir. Cəlal Talabani İraqın ərəb olmayan ilk dövlət başçısıdır. 2014-cü ildə Cəlal Talabani vəfat etdikdən sonra Talabani əşirətinin başına onun böyük oğlu Bafel Talabani keçib. İranın anidən bu bölgəni hədəfə alması, hətta yerli hökumətin mərkəzi sayılan Ərbildəki ABŞ konsulluğunu darmadağın etməsi də maraqlı məqamdır. Görünür, rəsmi Tehran Kirman terorunun təşkilində İraqın şimalındakı yerli kürd hökumətini ittiham edir və bunun arxasında ABŞ-nin dayandığına inanır. İranın bununla bağlı nəyə istinad etməsi də müəmmalıdır”.
Ekspert Pakistanın bundan sonra ata biləcəyi 3 addım olduğunu vurğulayıb:
“İran-Pakistan gərginliyi siyasi aləmdə təlaşa səbəb olub. Hər 2 dövlətin nüvə silahına malik olduğunu nəzərə alsaq, bu həyacanı anlamaq olar. İran Pakistanı öncədən xəbərdar etdiyini desə də, bu hadisə Pakistan rəsmilərinin kəskin tənqidinə səbəb oldu. Pakistan ordu komandanlığı dərhal iclas keçirərək İrana qarşı addımları müzakirə etdi.
Pakistanın İrana qarşı atacağı addımlara gəlsək, ilk variant bu bombardmanda əli olan hansısa yüksək rütbəli İran generalının Pakistanın keçirəcəyi əməliyyatla məhv edilməsidir. İkinci variant Pakistanın SEPAH-a məxsus hansısa hərbi bazanı vurma ehtimalıdır. Üçüncü variant isə Pakistan sadəcə diplomatik etirazla kifayətlənə bilər. Çinin tərəfləri sakitləşdirmək cəhdlərinin nəticə verib-verməyəcəyi də başqa bir məsələdir. Çin olduqca böyük oyuna girib. Əgər heç bir nəticə əldə edə bilməsə, bu rəsmi Pekinin nüfuzuna olduqca mənfi təsir göstərəcək. Yox əgər müsbət nəticə əldə edə bilsə, Çin bölgənin əsas güc sahib olduğunu ortaya qoymuş olacaq. Yaxın vaxtlarda bölgədə suların daha da isinəcəyi şübhə doğurmur. Bölgə, görəsən, yeni toqquşmalara hazırdırmı? Bunu zaman göstərəcək”.