Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Həmin ərazilərdə kütləvi şəkildə yayılan “sarılıq” xəstəliyinin əraziyə verilən sudan yayıldığı iddia olunur.
Bəs Hepatit A virusu həqiqətən də sudan yayıla bilər? Vətəndaşlar bu kimi hallardan qorunmaq üçün nə edə bilərlər?
Bu məsələ ilə bağlı həkim-infeksionist Vasif ƏliyevReferans.az-a açıqlamasında danışıb.
“El arasında sarılıq adı ilə yayılan bu xəstəlik əslində, Hepatit A xəstəliyidir. Bu, fetal və oral yolla keçir. Yəni, bu, təmizlənməmiş qidalardan, sudan keçə bilər. Bu xəstəlik daha çox sarılıqla müşahidə olunduğu üçün el arasında sarılıq adlandırılır. Bu qaraciyərin bir xəstəliyidir, amma bu xroniki xəstəliyə səbəb olmur. Ürəkbulanma, qusma, gözdə və dəridə sarılıq, halsızlıq, temperatur, sidiyin rəngində tündləşmə, nəcisin rəngində bəyazlaşma kimi şikayətlər bu xəstəliyin göstəriciləridir”.
Həkim bildirir ki, Hepatit A xəstəliyi fetal və oral yolla yoluxdğu üçün insanlar yaxşı təmizlənməmiş qida məhsulları qəbul etdikdə və ya natəmiz, çirkab sularla təmasda olduqda yoluxa bilər.
“Bu xəstəlik dövründə mütləq şəkildə epidemoloqlar, epidemoloji qurum həmin bölgəni nəzarətə götürməlidir. Vətəndaşlar bu xəstəlikdən qorunmaq üçün yalnız daha diqqətli olmalı, gigiyena qaydalarına əməl etməli və peyvənd etdirməlidirlər. Hepatit A-ya qarşı peyvənd iki doza olur. İlk doza vurulduqdan altı sonra ikinci doza vurulmalıdır”.
Qeyd edək ki, Hepatit A virusuna qarşı nəzərdə tutulmuş peyvənd peyvəndlər paketində mövcud deyil.