• 24 Noyabr 2024 05:45

“Milyonerlər alimə yox, baboşlara gün ağlayırsa, məktəb neyləsin…”

 

“Mənə elə gəlir ki, biz məktəblərdən çox şey istəyirik, təhsildən başqa… Gəlin imkan verək, məktəblər təhsillə məşğul olsunlar! Özümüzün görməli olduğu işi də məktəbin, müəllimin üzərinə atırıq”.x

Tacxeber.com xəbər verir ki, bu sözləri jurnalist, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fransız dili müəllimi Ayyət Abdullayev deyib. O hesab edir ki, tərbiyə vermək ailənin, təhsil vermək isə müəllimin/məktəbin işidir:

“Evimizdə islah edə bilmədiyimiz uşaqların formalaşmasını da müəllimdən, məktəbdən istəyirik. Bir az beynəlxalq təcrübəyə baxaq. Məsələn, Belçikada bir valideyn məktəbə, müəllimə “övladımı tərbiyə et” demir, deməz, “təhsil ver” deyər, heç onu da deməz, çünki müəllim onsuz da təhsilini verir. Paradoksun böyüklüyünə baxın: müəllimdən tərbiyə gözləyirik, müəllim də öžünəməxsus metodlarla uşağı tərbiyə edəndə sosial şəbəkələrdə şivən qoparırıq və bəzən qarışqa fəaliyyəti göstərən müəllimə töhmət, şiddətli töhmət verdiririk, bəzən də işdən qovdururuq. Atam balası, övladına müəllimin  tərbiyə verməsini istəmirsənsə, özün tərbiyə et, bunu məktəbdən gözləyirsənsə, onda müəllimə, məktəbə “od püskürmə”. Azərbaycan müəllimləri dünyada yeganə müəllimlərdir ki, uşaqdan oxumaq tələb edir və bəzən bu tələbə görə tənqid hədəfinə tuş gəlir, danlanır. Dünyanın heç bir ölkəsində müəllim öyrəncidən oxumaq tələb etmir, oxusa oxuyur, oxumursa “liseterk” olur. Bu yaxınlarda orta məktəblərin birində müəllim əsəbləşib yüksək tonla şagirddən dərs tələb edirdi, bunun ucundan tutub ucuzluğa getdilər”.

A.Abdullayev Dillər Universitetində bakalavr təhsili alarkən müşahidə etdiyi bir hadisəni də danışıb:

“Bakalavr olanda bizim qrupda şifahi nitq dərsini yerli müəllimlərimizlə yanaşı, fransızlar da aparırdı. Dərslərin birində tələbə yoldaşlarımdan biri bizim həsəd apardığımız avropalı müəllimdən son cümləni təkrar etməyi xahiş etdi. Onun cavabı bizi xeyli təəccübləndirdi.  “Azərbaycan mənə bir dəfənin pulunu verir” dedi. Yerli müəllimlərimiz isə ondan dəfələrlə savadlı idilər və nəinki bir dəfə, istəsək, 20 dəfə də təkrar edərdi.

İnanın bu gün Avropa universitetlərində müəllimlər çox vaxt dərsə belə getmirlər, hazır videoları elektron kabinetə yükləyirlər, şagirdlərin, tələbələrin sualları olarsa, həm əyani, həm də qiyabi şəkildə sorğu göndərə bilirlər. Yəni avropalı müəllim nəinki tərbiyə, heç təhsili belə əyani verməyə həvəsli deyil. Daha çox məsafədən, distant təhsilə daha çox önəm verir. İllərdir cəmiyyət alimin bozarmış kostyumuna baxıb, kədərlənmirsə, milyoneri, milyarderi alimlərə deyil, baboşlara, şəbişlərə “gün ağlayırsa”, məktəb neyləsin?! Unutmayaq, təhsil kollektiv şüurdur, hamı əlini daşın altına qoymalıdır. Təhsili məktəb, tərbiyəni ailə, ətraf mühit verməlidir. İnsan cəmiyyətə ayaq açanda plastrin kimi olur, onu alimə də döndərmək olar, cinayətkara da. Efirlərdən alim deyil, meyxanaçı bəkləyən cəmiyyət məktəbi qınamamalıdır, haqqı yoxdur!”

Tacxeber.com

Oxşar xəbərlər