Bakı Dövlət Universitetinə (BDU) cərimə protokolu yazılıb.
İqtisadiyyat.az-ın məlumatına görə, universitet barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Buna səbəb isə ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi iddiasıdır.
Məhkəmə işi Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 268-ci maddəsində radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması hallarına görə cərimə nəzərdə tutulub. 268.0.1-ci maddəsində deyilir ki, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.