• 31 Oktyabr 2024 08:16

Dubayda qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı həbs olundu

Dubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs olunub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə həbs olunan şəxslərin dostlarından biri anews.az-a açıqlamasında bildirib.

 

“Dostumuz Cəlilov Emin Bəhman oğlu 2 ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə də gəzməyə gedən 2 dostları həbs etmək qərarı verilib. Emin bəyin anası yaşlıdır və övladından xəbər ala bilmir. Aiddıyatı qurumların dəstəyinə ehtiyacımız var”, – o əlavə edib.

 

Əldə etdiyimiz məlumata görə, azərbaycanlılar qeyri-etik ifadələr işlədərək qarşı tərəfə “neqr” deyib.

 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Dubaydakı Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq.

 

Hüquqşünas Fariz Namazlı söyləyir ki, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir.

 

“Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərə bilər”, – Namazlı qeyd edib.

 

Vəkil həmçinin vurğulayır ki, hər iki ölkə arasında “cinayət törətmiş şəxsin verilməsi haqqında” müqavilə varsa, o müqavilə əsasında vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər