• 23 Noyabr 2024 21:25

Saxta xəbər: Wi-Fi ixtiraçısı yəhudi əsilli Hedy Lamarrdır

Xəbərin qısa icmalı

– “İnstaqram” sosial şəbəkəsində iddia olunub ki, Wi-Fi ixtiraçısı yəhudi millətindən olan Hedy Lamarrdır.

 

– Wireless Fidelity (qısaca Wi-Fi) Commonwealth Scientific and Industrial Research Organisation (CSIRO) təşkilatında çalışan İrlandiyalı mühəndis Con O’Sullivan və komandası tərəfindən 1991-ci ildə ixtira edilib. Komandaya Terri Persival, Diet Ostri, Qrem Daniels və Con Din daxil olub. Hedy Lamarrın adı isə onların arasında yer almayıb.

 

İnstaqram” sosial şəbəkəsində 334 min izləyicisi olan “yeni.faktlar” adlı səhifə iddia edib ki, Wi-Fi ixtiraçısı yəhudi millətindən olan Hedy Lamarrdır. Eyni məzmunlu iddianı 270 min izləyiciyə malik “gundemli_tv” də öz səhifəsində paylaşıb.

Skrinşot “İnstaqram”dan götürülüb.

 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

 

Wireless Fidelity (qısaca Wi-Fi) Commonwealth Scientific and Industrial Research Organisation (CSIRO) təşkilatında çalışan İrlandiyalı mühəndis Con O’Sullivan və komandası tərəfindən 1991-ci ildə ixtira edilib. Komandaya Terri Persival, Diet Ostri, Qrem Daniels və Con Din daxil olub. (Əlavə mənbə 1, 2, ) CSIRO-nun Wi-Fi ixtirası 1992-ci ildə Avstraliyada və 1996-cı ildə ABŞ-da patentləşdirilib. Bu ixtiraya “Wi-Fi” termini daha sonra, 1999-cu ildə verilib. Patentdə yalnız yuxarıda qeyd olunan ixtiraçıların adı verilib, Hedy Lamarrın adı isə orada yer almayıb. Həmçinin bildirək ki, təkcə Azərbaycanda yox, dünyada da Hedy Lamarrın “Wi-Fi”nin ixtiraçısı olduğu mifi geniş yayılıb. (mənbə 1, 2, 3)

 

Bəs Hedy Lamarrın “Wi-Fi”-nin ixtirası ilə əlaqələndirilməsinin səbəbi nədir?

 

Bildirək ki, Hedy Lamarr XX əsrdə əsasən aktrisa kimi tanınsa da o, həm də ixtiraçı olub. Onun əsas ixtirası radio dalğalarının müxtəlif tezliklərə keçməsinə imkan verən sistem idi. İxtira İkinci Dünya Müharibəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin radio siqnallarının rəqibləri tərəfindən bloklanmasının qarşısını almaq üçün istifadə edilirdi. Bir sıra başqa araşdırmalarda da Hedy Lamarrın “Wi-Fi”-nin ixtiraçısı olması məlumatı yalanlanıb. (mənbə 1, 2)

 

Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Hedy Lamarrın “Wi-Fi”-nin ixtiraçısı olmasına dair xəbərlər saxtadır.

 

Tacxeber.com

Oxşar xəbərlər