Rusiyalı provokator tarixçilərin, politoloqların, hərbi ekspertlərin MDB üzvü olan və olmayan ölkələr, xalqlar haqda zaman-zaman səsləndirdikləri şovinist fikirlər Rusiyanın həqiqətən də yaxşı müttəfiq olmadığı barədə qənaətləri daha da möhkəmləndirir. Mixail Smolin adlı tarixçinin bu yaxınlarda NTV telekanalının “Görüş yeri” tok-şousunda 1917-ci il bolşevik inqilabına qədər qazax və özbək xalqlarının, eləcə də azərbaycanlıların mövcud olmadığı barədə absurd iddia ilə çıxış etməsi bu xalqların Rusiyaya qarşı mənfi münasibətini bir az da gücləndirəcəyi şəksizdir.
Tacxeber.com xəbər verir ki, bunu politoloq Bəybala Mirzəyev qeyd edib. Smolinin çıxışından sitat gətirən ekspert rusların yalnız birinci Pyotrun məlum islahatlarından sonra böyük tarix səhnəsinə çıxdığını deyib:
“Smolinin çıxışı: “Qazaxıstan necə meydana çıxdı? Əslində, əvvəlcə RSFSR-in tərkibində Kazax SSR adlanırdı, qazaxlar, ümumiyyətlə, yox idi. Sonra Kazax SSR tərkibində Qırğızıstan SSR yaradıldı, sonra bunlar RSFSR-dən ayrıldı. Orada xalqların yaranması ilə bağlı qərarlar belə volyuntarist şəkildə qəbul edilirdi. Məsələn, özbəklər inqilabdan əvvəl heç vaxt mövcud olmayıb, belə bir etnik ad olmayıb. Götürüb bir neçə Orta Asiya xalqından özbəkləri yaratdılar. Azərbaycanlılar da eyni qaydada yaradıldı”.
Bax belə. 16-17-ci əsrlərə qədər düz-əməlli dövlət kimi mövcud olmayan, yalnız birinci Pyotrun məlum islahatlarından və yeniliklərindən sonra böyük tarix səhnəsinə çıxa bilən bir xalqın tarixçisi indi yerindən durub deyir ki, bolşevik inqilabına qədər belə bir xalqlar mövcud olmayıb və Lenin ilə Stalin guya bu xalqları süni formada yaradıb”.
B.Mirzəyev Smolinin kim olması və niyə bu cür inkarçı-şovinist tərzdə düşünməsi barədə suallara da cavab verib. O hesab edir ki, smolin adını çəkdiyi xalqlardan üzr istəməlidir:
“Tarixçi-publisist kimi tanınan bu adam imperiya təfəkkürlü monarxistdir və Rusiya çarlarının heyranıdır. Eyni zamanda Smolin İmperiya siyasi araşdırmaları Pravoslav Mərkəzinin rəhbəri, “İmperiyanın Dirçəlişi” Fondunun icraçı direktoru, “İmperiyanın Dirçəlişi” jurnalının baş redaktoru, “Rus imperiya təfəkkürünün yolları” və “İmperiya ənənəsi” kitablarının naşiridir.
Gördüyünüz kimi, adam təpədən-dırnağa kimi imperiya məfkurəsinin daşıyıcısına və təbliğatçısına çevrilib. Smolin qeyri-ruslara, xüsusən də türk xalqlarına qarşı dərin nifrət hissi bəsləyir. Belə bir irqçini efirə dəvət edənlər əslində dövlətlərarası münasibətləri də ciddi şəkildə zədələyirlər. Ona görə də Rusiya rəsmiləri onun səhvini dərhal düzəltməli və onu qazaxlardan, özbəklərdən, azərbaycanlılardan üzr istəməyə məcbur etməliydilər. Lakin etmədilər.
Rusiya Federasiyasının xarici siyasətini müəyyənləşdirən Kreml və XİN Smolinin və onun fikirlərini dəstəkləyən digər ekspertlərin qızışdırıcı açıqlamalarına həmişəki kimi göz yumur. Onlar belə məqamlarda adətən Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanı qabağa verirlər. O da həmişəki çeynənmiş, şablon ifadələrlə bəyan edir ki, “həmin natiqlərin fikirləri Rusiyanın rəsmi mövqeyini əks etdirmir”.
Yəni ki, smolinlər öz şəxsi fikirlərini səsləndirməkdə azaddırlar, biz onlara öz fikirlərini ifadə etməyi qadağan edə bilmərik, vəssalam.
Lakin M.Zaxarova unudur ki, Smolin kimi, Zatulin kimi, Milonov kimi şovinistlər bu cür təxribatçı-destruktiv fikirləri hansısa Yutub kanallarında yox, məhz Rusiyanın dövlət kanallarında, federal kanallarda səsləndirirlər.
Politoloq söyləyib ki, Rusiyanın efir məkanında Azərbaycan xalqının və digər türk xalqlarının etnos kimi mövcudluğunu, dövlətçilik tarixini danmaq “ənənə”sini hələ illər öncə Vladimir Jirinovski qoyub:
“Jirinovski türkəfob fikirlərini məhz Putinin hakimiyyətə gəlişindən sonra açıq şəkildə səsləndirməyə başlayıb. Sonradan isə Jirinovskinin “şinel”indən çıxan digər şovinistlərin, ultramillətçi “ekspert”lərin sayı göbələk kimi artmağa başladı. Bu da Kremlin propoqanda siyasətinin tərkib hissəsi idi. Propoqanda siyasəti isə Kremlin geosiyasi planlarına xidmət edirdi.
Jirinovski artıq iki ildir gəbərib. Lakin onun mənfur dəst-xətti, yolu olduğu kimi davam edir. Və bu gedişlə proses elə bu cür də davam edəcək. Rusiya telekanallarında bundan sonra da anti-Azərbaycan fikirlərin səsləndirilməsinə, Mərkəzi Asiyanın türk dövlətlərinin tarixinin inkar olunmasına zaman-zaman şahidlik edəcəyik. Çünki ortada həm də başqa bir məkrli məqsəd də var. Məqsəd postsovet ölkələrinin insanlarının tarix şüurunu zədələmək, onlarda milli dövlətçilik hissini öldürmək və keçmiş SSRİ-nin bərpası üçün zəmin hazırlamaqdır”.