• 28 Noyabr 2024 05:24

“Araz”, OBA, və SPAR-ın bağlı olduğu şirkəti cərimələdilər

Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Veysəloğlu” MMC (VÖEN – 0700159551) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Tacxeber.com xəbər verir ki, “Veysəloğlu” MMC barəsində tərtib olunan protokola Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi gömrük qaydalarının pozulmasından bəhs edir. Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Onu da qeyd edək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur.

 

2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA, və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.

 

Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər