• 24 Noyabr 2024 21:29

“Rövşən Lənkəranski”yə görə qətl törədənə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir məhkəmə başa çatıb. Söhbət kriminal aləmdə “Lotu Quli” ləqəbilə tanınmış avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun məhkəməsindən gedir. 

 

İttihama görə, Camal Həsənov öz çevrəsində “Yeraz Camal” ləqəbiylə tanınıb və kriminal avtoritet, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilmiş Rövşən Canıyevə (Lənkəranski ləqəbli) pərəstiş edib. İttihama görə, Camal Həsənov Rövşən Lənkəranskinin Rusiyada yaşayan və Azərbaycan vətəndaşı olan, “Lotu Quli”yə yaxınlığı ilə tanınan Cabir Həsənov tərəfindən öldürülməsindən şübhələnib. Onun ifadəsinə görə, bu barədə Cabir Həsənov özü müxtəlif məclislərdə ətrafdakılara deyib. Camal Həsənov Rövşən Lənkəranskinin qisasını almaq üçün Cabir Həsənovun yaşadığı Sankt-Peterburqa gedib. Orada Rusiya vətəndaşı olan Nazim Nüsrətovdan kömək istəyib. Nazim Nüsrətov 10 min manat müqabilində Camal Həsənova həm odlu silah, həm başqa-başqa adamların adına mobil nömrələr, həm də avtomobil xidməti təşkil edib. Birlikdə Cabir Həsənovun yaşadığı ərazidə müşahidələr aparıblar. 2017-ci ilin 28 aprelində, axşam saatlarında Camal Həsənov Cabir Həsənovu sonuncunun yaşadığı evin yaxınlığında altı dəfə atəş açmaqla qətlə yetirib. Elə həmin gecə tanışı olan Ramin Səfərovun köməkliyi ilə Belarusiyaya, oaradan Bakıya uçub. Hadisədən qısa müddət sonra Nazim Nüsrətov, 2017-ci ilin noyabrında isə Camal Həsənov barəsində cinayət işi başlanıb, axtarış elan edilib. 2021-ci ildə Rusiyanın istintaq orqanı cinayət işi təqibinin davam etdirilməsi ilə üçün materialları Azərbaycana göndərib. Bundan qısa müddət sonra Camal Həsənov Bakıda həbs edilib.

 

Məhkəmədə Rövşən Lənkəranskinin yaxın qohumu olan vəkil Nizami Caniyev müdafiə edib. Camal Həsənov ona qarşı irəli sürülmüş ittihamları rədd edib. Məhkəmə isə hesab edib ki, Həsənova qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqıyla təsdiqini tapıb. Camal Həsənov məhkəmənin hökmüylə 18 il müddətinə azadlıqdan mərhum edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər