ATƏT: “7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib”
ATƏT növbədənkənar prezident seçkisində müşahilərilə bağlı ilkin hesabatını yayıb.
İlkin hesabatda qeyd olunur ki, 7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib, seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb.
“Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçkilər üçün standartlara ziddir”, – açıqlamada vurğulanıb.
Qeyd olunub ki, ümumi seçki üzrə demək olar ki, real alternativlər olmayıb. Bununla bərabər, seçki kampaniyası zəif keçib və rəqabətli olmayıb.
“Hazırkı prezidentə alternativ olan digər 6 namizəd kampaniya boyunca İlham Əliyevin siyasətini inandırıcı şəkildə tənqid etməyib. Ümumilikdə seçicilər real alternativ namizədsiz qalıblar”.
Bildirilib ki, topa bülletenlərin qutulara atılması faktlarını və seçici siyahılarında oxşar imzalarla bağlı əhəmiyyətli çatışmazlıqları qeyd ediblər.
Sənəddə bildirilir ki, seçkiqabağı kampaniya məhdud ictimai iştirak yaradıb və sosial şəbəkələr də daxil olmaqla, həqiqi rəqabət xarakteri daşımayıb:
“Namizədlərin heç biri öz təşviqat çıxışlarında hazırkı prezidentin siyasətinə inandırıcı şəkildə etiraz etmədiklərinə görə seçicilər üçün alternativ təqdim olunmayıb”.
Əlavə edilir ki, müşahidə olunan məntəqələrdə seçki günü sakit və bütövlükdə nizam-intizamlı keçib:
“Bununla bərabər, müşahidə edilən 1226 seçki məntəqəsinin 7.7 faizində səsvermə proseduru BSMM (Beynəlxalq Seçki Müşahidə Missiyası) müşahidəçiləri tərəfindən mənfi qiymətləndirilib. Bu da yüksək rəqəmdir və ciddi narahatlıq doğurur”.
Bildirilir ki, 11 faiz məntəqələrdə seçicilərin barmaqları mürəkkəblə ardıcıl şəkildə işarələnməyib, 16 faiz halda isə mürəkkəbin izi yoxlanılmayıb:
“BSMM müşahidəçiləri… seçki qutularına bülletenlərin atılması (29 seçki məntəqəsi), müşahidələrin 5 faizində seçici siyahılarında oxşar imzaların, eləcə də müşahidələrin 4 faizində qrup səsvermələrinin olduğuna dair məlumat veriblər”.
Sənəddə qeyd olunur ki, Seçki Məcəlləsinin təfərrüatlı olmasına və seçki prosesinin bütün aspektlərini tənzimləməsinə baxmayaraq, son düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini diqqətdən kənarda qoyub.
Hesabatda seçkilər zamanı ölkədə media mühitinin vəziyyətinə də toxunulub. Bildirilib ki, həddindən artıq məhdudlaşdırıcı media qanunvericiliyi, eləcə də tənqidi jurnalistlərin son həbsləri medianın azad fəaliyyətinə mane olub və geniş yayılmış özünüsenzuraya gətirib çıxarıb, müstəqil jurnalistika və tənqidi debatların əhatə dairəsini daraldıb.
“Media mühitinin həddən artıq məhdud olması seçiciləri səsvermə günü seçimlərinə dair mənalı məlumatlanmaq imkanından məhrum etdi. Təəssüflər olsun ki, qanun və təcrübədə çoxsaylı məhdudiyyətlər mövcud olmaqda davam edir”, – hesabatda qeyd olunub.
Hesabatın sonunda bildirilib ki, DTİHB SMM-in tərkibinə paytaxtda 11 ekspert və ölkə üzrə ezam olunmuş 26 uzunmüddətli müşahidəçi daxil olub.
“Seçki günü 42 ölkədən 335 müşahidəçi, o cümlədən DTİHB tərəfindən 26 uzunmüddətli və 207 qısamüddətli müşahidəçi, həmçinin ATƏT PA-nın üzvü olan 79 nümayəndə heyəti göndərilib. Seçkilərin açılış mərhələsi ölkə üzrə 132, səsvermə 1181, səslərin sayılması 113 seçki məntəqəsində, cədvəllərin tərtibi isə 81 DSK-da müşahidə edilib”, – deyə hesabatda qeyd olunub. (AbzasMedia)