• 25 Fevral 2024 03:03

Anar Bağırov: “Vəkillərin sayı ildə orta hesabla 10 faiz artır.”

Xəbərin qısa icmalı

 

– Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib ki, hər il ölkəmizdə vəkillərin sayı orta hesabla 10 faiz artır.

 

– 2004-cü ilin noyabr ayında Vəkillər Kollegiyası (VK) təsis olunan zaman Azərbaycanda vəkillərin sayı 370 nəfər olub. 2023-cü ildə isə VK-ya üzv vəkillərin sayı 2431 nəfərə çatıb. Yəni, 19 il ərzində ümumilikdə 2061 vəkil, ortalama bir ildə isə 108,5 nəfər vəkil artımı qeydə alınıb. Faizlə ifadədə isə vəkillərin sayı VK yarandığı ildən hər il orta hesabla 5,2% artıb.

 

– Azərbaycanda 2017-ci ildə vəkillərin sayı 931 nəfər olub. 2018-ci ilin sonunda vəkillərin sayı 1503 nəfərə çatıb. Başqa sözlə həmin il vəkillərin sayı əvvəlki ilə nisbətən 61,4% artıb ki, bu da son 6 ildə ən yüksək göstərici olub. Lakin bundan sonra vəkil sayının artım faizi aşağı düşüb. Belə ki, 2019-cu ilin sonuna əsasən, Azərbaycanda vəkillərin sayı 13,6% artaraq 1708 nəfərə çatıb. 2020-ci ildəki artım isə 10%-dən aşağı olub. Həmin il vəkillər yalnız 8% artaraq 1844 nəfər olub. 2021-ci ildə vəkillərin sayındakı artım son 6 ildə 2-ci ən yüksək artım olub. 15,6% artımla vəkillərin sayı 2132 nəfərə çatıb. Amma bundan sonrakı 2 ildə, yəni 2022 və 2023-cü illərdə vəkillərin sayındakı artım yenidən 10%-dən aşağı olub. Belə ki, artım 2022-ci ildə 4,9%, 2023-cü ildə isə 8,7%-lə məhdudlaşıb.

 

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov “Report”a müsahibəsində deyib ki, hər il ölkəmizdə vəkillərin sayı orta hesabla 10 faiz artır.

 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

 

Yazıda həm Vəkillər Kollegiyası üzvlərinin sayının artımı ilə bağlı, həm də 2017-ci ilin sonlarında “Nümayəndəlik İnstitunun” ləğvi fonunda vəkillik fəaliyyətində baş vermiş dəyişikliklər araşdırılıb.

 

Vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Nümayəndələr isə hüquqi məsləhətin verilməsi, hüquqi sənədlərin hazırlanması, insanların dövlət orqanlarında və məhkəmə proseslərində təmsil edilməsi kimi fəaliyyətləri həyata keçirən şəxslərdir (2017-ci ildəki qanun dəyişikliyinə qədər).

 

Əvvəlcə, Vəkillər Kollegiyasının üzvlərinin sayının dəyişikliyinə nəzər salaq.

 

2004-cü ilin noyabr ayında Vəkillər Kollegiyası (VK) təsis olunan zaman Azərbaycanda vəkillərin sayı 370 nəfər olub. 2023-cü ildə isə VK-ya üzv vəkillərin sayı 2431 nəfərə çatıb. Yəni, 19 il ərzində ümumilikdə 2061 vəkil, ortalama bir ildə isə 108,5 nəfər vəkil artımı qeydə alınıb. Faizlə ifadədə isə vəkillərin sayı VK yarandığı ildən hər il orta hesabla 5,2% artıb. VK-nın rəsmi saytında 2004-2017-ci illərdə hər il üzrə Kollegiyaya yeni qəbul edilən vəkillərin sayı verilsə də, həmin illərin hər birində Kollegiyanın üzvlərinin sayı, həmçinin Kollegiyadan çıxan vəkillərin sayı verilmədiyi üçün sözügedən illər üzrə hər il ayrı-ayrılıqda nə qədər vəkil artdığını hesablamaq mümkün olmayıb. Bu barədə açıq mənbələrdən də məlumat tapılmayıb. Bu səbəblə müvafiq statistika, yəni hər il üzrə ayrı-ayrılıqda artım 2017-2023-cü illər üzrə aparılıb.

 

2017-ci ildən sonra hər il Vəkillər Kollegiyasındakı vəkillərin sayındakı dəyişiklik aşağıdakı kimi olub:

 

Azərbaycanda 2017-ci ildə vəkillərin sayı 931 nəfər olub. Anar Bağırovun vəzifəsinin ilk ilinin yekununda, yəni 2018-ci ilin sonunda vəkillərin sayı 1503 nəfərə çatıb. Başqa sözlə həmin il vəkillərin sayı əvvəlki ilə nisbətən 61,4% artıb ki, bu da son 6 ildə ən yüksək göstərici olub. Lakin bundan sonra vəkil sayının artım faizi aşağı düşüb. Belə ki, 2019-cu ilin sonuna əsasən, Azərbaycanda vəkillərin sayı 13,6% artaraq 1708 nəfərə çatıb. 2020-ci ildəki artım isə 10%-dən aşağı olub. Həmin il vəkillər yalnız 8% artaraq 1844 nəfər olub. 2021-ci ildə vəkillərin sayındakı artım son 6 ildə 2-ci ən yüksək artım olub. 15,6% artımla vəkillərin sayı 2132 nəfərə çatıb. Amma bundan sonrakı 2 ildə, yəni 2022 və 2023-cü illərdə vəkillərin sayındakı artım yenidən 10%-dən aşağı olub. Belə ki, artım 2022-ci ildə 4,9%, 2023-cü ildə isə 8,7%-lə məhdudlaşıb.

 

2018-2023-cü illərdə Azərbaycanda vəkillərin sayı:

 

 

Cədvəldən də göründüyü kimi, Anar Bağırov VK-nın Rəyasət Heyətinin sədri seçildiyi vaxtdan 6 il ərzində yalnız 3 ildə artım 10%-dən yüksək olub. 2020, 2022, 2023-cü illərdə vəkillərin sayının artımı nəinki 10%-ə çatmayıb, hətta daha aşağı göstəricidə olub. Lakin, bu illəri ortalamaya böləndə hər il 10%-dən çox vəkil artımı qeydə alınıb.

 

Araşdırmanın bu hissəsində Azərbaycanda Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı məsələyə nəzər salaq.

 

Belə ki, 31 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər barədə qanun layihəsini qəbul etdi. 

 

Bu dəyişikliklərə qədər  VK-ya üzv olmayan hüquqşünaslar və qeyri-hüquqşünaslar vətəndaşları məhkəmədə təmsil edə bilərdilərsə,  dəyişikliklər nəticəsində məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyuldu və bu proseslərdə yalnız VK üzvlərinin iştirakına icazə verildi. Qeyd edək ki, nümayəndələr qanun qəbul edilənə qədər vətəndaşların müdafiəsində kifayət qədər əhəmiyyətli rol oynayıblar. Hətta, bu qanun dəyişikliyinə qədər il ərzində baxılan 250 min mülki və inzibati işin 90%-ə qədərini Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar aparırdı. Beləliklə, qanunun qəbul edilməsindən sonra bu şəxslər müdafiə işindən uzaqlaşdırıldı, yalnız VK-ya üzv olan vəkillər vətəndaşları məhkəmədə müdafiə edə bildilər. Məhz bu səbəbdən, 2017-ci ildən etibarən vəkillərin sayının artmasına baxmayaraq, vətəndaşları məhkəmədə müdafiə edən şəxslərin sayı ciddi dərəcədə azalıb.

 

Nümayəndəlik institutunun ləğvinə qədər VK-nın üzvü olmayan lakin şəxslərin hüquqlarını peşəkar səviyyədə məhkəmələrdə təmsil edən hüquqşünasların sayının rəsmi statistikası olmasa da, hüquqşünasların “Fakt Yoxla”ya açıqlamasında onların sayının minlərlə olduğu bildirilib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin insan hüquqlarına dair hesabatında da dövlət orqanları, o cümlədən Vəkillər Kollegiyası tərəfindən atılan müxtəlif addımlar səbəbindən siyasi motivli məhkəmə işlərini üzərinə götürmək istəyən və bunu bacara bilən müdafiə vəkillərinin sayının azaldığı bildirilib.

 

“Bu cür tədbirlər sırasında insan hüquqlarını müdafiə edən vəkillərin töhmət alması, vəzifədən kənarlaşdırılması və bəzən də vəkil statusunun ləğv edilməsi ilə nəticələnən inzibati icraatın həyata keçirilməsi qeydə alınmışdır” – deyə hesabatda qeyd edilib.

 

Beləliklə, Azərbaycanda Vəkillər Kollegiyasının üzvlərinin sayı iddiada bildirildiyi kimi artsa da, ölkə üzrə vəkillərin sayı 2017-ci ildə qəbul edilən qanun dəyişikliyindən sonra kəskin şəkildə azalıb.

 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Anar Bağırovun iddiası faktlarla manipulyasiyadır. 

 

Mənbə: Fakt Yoxla

Tacxeber.com

Oxşar xəbərlər