• 27 İyul 2024 07:03

Ermənistanın xəritə oyunu: “Məqsəd erməni hərbi cinayətkarların…”

“Aydın məsələdir ki, Ermənistan tərəfi mina xəritələrindən təzyiq vasitəsi kimi istifadə etməyə çalşır. Ona görə də xəritələrin verilməsini gecikdirir. Ermənistan əvvəl ümumiyyətlə xəritələri təqdim etməkdən imtina edirdi, daha sonra gərginlik artdıqca, sərhəddə toqquşmalar baş verdikcə və ələ keçirilən hərbi cinayətkarlar Azərbaycanda saxlanılmağa davam etdikcə mina xəritələrinin bir hissəsini məcbur qalıb təhvil verməli oldu”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O qeyd edib ki, bununla belə təqdim edilən xəritələr tam deyil:

 

“İndiyədək verilən xəritələr ya ərazilərin hamısını deyil, müəyyən hissələri əhatə edir, ya da dəqiq deyil. Hətta xəritələrdəki məlumatların 80 faizi yanlışdır və real vəziyyətlə uzlaşmır. İtaliya da bu məsələni qaldırıb, Azərbaycan da dəfələrlə Ermənistana təzyiq edib xəritələrin tam şəkildə verilməsi ilə bağlı Ermənistanın xəritələri tam və dəqiq şəkildə təqdim etməməsinin səbəbi düşünürəm ki, gələcəkdə bundan Azərbaycana qarşı təzyiq aləti olaraq istifadə etmək istəməsidir.

Ola bilər ki, Ermənistan dövləti bunun qarşılığında Azərbaycandakı erməni hərbçilərin dəyişdirilməsinə və ya başqa məsələdə razılığa gəlmək üçün çalışacaq”.

 

Qeyd edək ki, Ermənistan işğaldan azad edilmiş ərazilərdəki minalanmış sahələrə dair 8 formulyarı Azərbaycana təqdim edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə təqdim olunan formulyarlar, əsasən, Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

Tacxeber.com

Oxşar xəbərlər