• 24 Noyabr 2024 06:28

“Təxribatlar davam edərsə Azərbaycan yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər” – Deputatdan AÇIQLAMA

"Təxribatlar davam edərsə Azərbaycan yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər" - Deputatdan AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, Ermənistan son iki gün ərzində törətdiyi təxribatlarla növbəti dəfə beynəlxalq razılaşmanı pozdu:

 

“Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Allahdan hərbi quluqçumuza şəfa diləyirəm.

Ermənilər anlamalıdırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ərazi bütövlüyümüzü təmin edən Müzəffər Azərbaycan Ordusu növbəti dəfə döyüş əməliyyatına başlasa, qısa müddət ərzində nəinki qədim Azərbaycan torpaqlarını geri qaytaracaq, hətta Ermənistanın dövlət kimi varlığını sual altına ata bilər. Ona görə də Ermənistan rəhbərliyi və havadarları təxribatlara əl atan zaman nəticəsi barədə yaxşı düşünməlidirlər”.

 

Deputat vurğulayıb ki, düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcək.

 

“Bilirsiniz ki, bu gün Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Keçirilən “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüzü təmin edərək, öz gücünü və qüdrətini nəinki Ermənistana, bütün dünyaya sübut etdi. Ermənistan uğradığı biabırçı məğlubiyyətini unutmasa, daha yaxşı olar. Bu gün keçirilən “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun gücünü yenidən “öz başında” hiss etdi. Yaxşı olar ki, Ermənistan Azərbaycanın tərəfinin şərtləri ilə razılaşıb, sülh müqaviləsini imzalasın. Əks təqdirdə Ermənistan təxribatlarının cavabını ağır alacaq. Qaldı ki, hərbi əməliyyatların yenidən başlanmasına. Təxribatlar davam edərsə Azərbaycan yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər”.

Tacxeber.com

Oxşar xəbərlər