“İslam Rzayevin qızını dayısı atıb-tutanda boynu qırıldı, Aftandil İsrafilov onu xəstəxanaya çatdıranda isə..”-FOTO+ÖZƏL
“Dayım əzizlərini, doğmalarını sevən bir şəxs idi. Onun bizə etdiyi yaxşılıqları saymaqla bitməz. Övladını itirəndən sonra meylini bizə saldı. Bütün kənd camaatı onu çox sevirdi. Bir də görürdün ki, rayonda toydur. Dayım heç kimə bildirmədən sənətkarları yığıb toylara gəlirdi. Könül xoş etməyi, sevindirməyi bacarırdı, xoşlayırdı”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib. O daha sonra əlavə edib.
“Saytlarda yazırlar ki, İslam Rzayev qızının dəfninə getməyib. Bütün bunlar şayiədir.
1971-ci ildə uzun sürən müalicələrdən sonra dayımın qız övladı dünyaya gəldi. Dayım bütün dünyanı gəzirdi. O vaxt bir dayım, bir də Zeynəb xanım dünya ölkələrinə çıxa bilirdi. Əfsuslar olsun ki, uşaq anadangəlmə qüsurlu olub. Gəlinin qardaşı uşağı atıb-tutanda uşaq yerə dəymişdi, boynu qırılmışdı. Bir dəfə də dayım qastrol səfərində olanda uşaq qızdırıb. Xalq artisti Aftandil İsrafilov da dayımın qonşusu idi. Dayımın yoldaşı Leyla xanım qaçıb Aftandilgilə. O da uşağı xəstəxanaya aparıb. Uşaq körpə idi, 2 yaşı olmamış dünyasını dəyişdi. Bir bilsəniz necə dayıma oxşayırdı. Necə ola bilər ki, övladını itirən ata pis olmasın?! Elə şey olar dəfnə getməsin?! Dayımın bütün dostları, Qulu Əsgərov, Əhsən Dadaşov hamısı rayona gəlmişdi. Ayıb deyil o boyda kişi haqqında belə danışırlar?! İslam dayımı hamı çox istəyirdi. İslam Rzayev artistlik edib, yalandan efirdə kimisə tərifləyənlərdən deyildi. Çox həssas, abırlı adam idi” deyə sənətkarın qohumu bildirib.
Arzu xanım bildirib ki, onu gözü götürməyənlər də çox olub.